Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mirzə Cəlil dühası”

“Mirzə Cəlil dühası”

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olacaq. Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət C.Məmmədquluzadənin 150 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Görkəmli yazıçının yubileyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzində "Mirzə Cəlil dühası" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən professor Gülşən Əliyeva-Kəngərli qeyd edib ki, C.Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb. Mirzə Cəlil ana dilinin saflığı uğrunda daim mübarizə aparıb. Onun meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri dərin humanist məzmuna malikdir, özündə milli və bəşəri dəyərlərin vəhdətini ehtiva edir.

Dosent Fatimat Məmmədova 1-ci nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyduğunu bildirib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən dəyirmi masada tələbələr böyük dramaturqun əsərlərini təhlil edərək geniş ədəbi müzakirə aparıblar. Tədbirin sonunda Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova tələbələri böyük dramaturqun həyat və fəaliyyətini əks etdirən "Cəlil Məmmədquluzadə-150" ədəbiyyat sərgisi ilə tanış edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 12:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə