Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir

ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası çərçivəsində “Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debat keçirilib. 
Debatda münaqişələrlə yanaşı, ATƏT məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. 
ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin Siyasətə Dəstək Xidmətinin direktor müavini Çarlz Lonsdeyl son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yarandığını qeyd edib.
Fransa nümayəndə heyətinin üzvü Quy Tessiye və Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlarında Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin münaqişənin nizamlanması prosesinə tərəf kimi cəlb edilməli olduqlarını bildiriblər. 
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova debatda çıxış edib. O deyib ki, ATƏT-in müvafiq qərarlarına və sənədlərinə görə, təşkilat münaqişələrin həlli üçün əsas vasitədir və vasitəçilik ATƏT-in fəaliyyətinin mühüm elementidir. Buna görə bu fəaliyyət yalnız beynəlxalq hüquq normalarına, qərəzsizliyə, razılaşdırılmış mandata uyğun olaraq həyata keçirilməlidir: “Çox böyük təəssüflə qeyd etmək istərdim ki, ATƏT-in fəaliyyətində itkin düşmüş insanların və qaçqınların probleminə yetərincə diqqət ayrılmır. ATƏT-in məcburi köçkünlər və qaçqınlarla əlaqədar öhdəliklərini nəzərə alsaq, o zaman ATƏT və onun qurumları bu müəyyən qrupun problemlərinə toxunan tədbirlər üçün kifayət qədər resurs ayırmalıdır”. 
Erməni nümayəndə heyəti və onların havadarlarının iclasda səsləndirdiyi fikirlərə cavab kimi Bahar Muradova bildirib ki, ATƏT-in Nazirlər Şurasında 1992-ci ildə qəbul edilmiş qərara uyğun olaraq, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri kimi tanınır və Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları isə yalnız maraqlı tərəflər kimi müəyyən edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra hər iki icma bərabər əsasda müzakirələrdə iştirak edə bilər.

 

Elgün Niftəli,
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

 

22 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin