Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Məktəbinin təqdimatı olub

ADA Məktəbinin təqdimatı olub

Fevralın 22-də ADA Məktəbinin təqdimatı olub. Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbin tədris prosesi və fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və ləyaqətli vətəndaş yetişdirən ADA Universiteti üçün keyfiyyətli təhsil əsas meyardır. Ali təhsil müəssisəsi kimi 2006-cı ildən təlim proqramları ilə fəaliyyətə başlayan universitetdə 2009- cu ildən magistratura, 2011-ci ildən isə bakalavr proqramlarının həyata keçirilməsinə başlanılıb. Məqsədimiz bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl proqramları Azərbaycana gətirməkdir.  

 

Bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və yeni təhsil mühitinə çətin adaptasiya olduqları nəzərə alınaraq  ADA Məktəbi təsis edildi

 

H.Paşayev deyib ki, ali məktəbə bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və onların yeni təhsil mühitinə çətin adaptasiya olduqlarını nəzərə alaraq ADA Məktəbinin təsis olunmasını məqsədəuyğun hesab etdik. Bu məktəbin fəaliyyətə başlaması ADA Universitetinin gələcəyi üçün də uğurlu və faydalı olacaq. 
Rektor bildirib ki, məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına və ADA Universitetinin təcrübəsinə əsaslanaraq bilik, səriştə və dəyərlərin formalaşmasını təmin edir. Tədris proqramı şagirdlərin akademik baxımdan universitet illərinə daha hazırlıqlı olmaları ilə yanaşı, XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına xüsusi yer ayırır. Məqsədimiz, həmçinin Azərbaycanda və xaricdə istənilən nüfuzlu ali məktəbə qəbul ola bilən savadlı, bacarıqlı gənclər yetişdirməkdir. 
Qeyd edilib ki, məktəbin binası yüksək standartlara cavab verən infrastruktura malikdir.
H.Paşayev universitetlərə hazırlıq və qəbul sahəsində kollec və peşə təhsili müəssisələrində təhsilin mühüm rol oynadığını söyləyib. Bildirib ki, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinə böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq gələcəkdə texniki və fundamental elm sahələrində mühəndislik ixtisası üzrə kolleclərin yaradılması da nəzərdə tutulur.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan, həyata keçirilən dövlət proqramları və müxtəlif layihələrdən söz açıb. O bildirib ki, təhsil cəmiyyətin əsas aparıcı və təkanverici qüvvəsidir. Bu gün ölkəmizdə 4443 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Son on beş ildə respublikada 3300-dən çox məktəb müasirləşib, onların infrastrukturu standartlara uyğun qurulub, yeniləri tikilib, bəziləri isə əsaslı təmir edilib. Qeyd olunan istiqamətlər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb və bütün bunlar təhsilin keyfiyyətini təmin etmək məqsədilə həyata keçirilir. 

 

ADA Məktəbində tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq

 

M.Vəliyeva bildirib ki, ADA Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən və güclü infrastruktura malik olan universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. Bu ənənənin davamı olaraq ADA Məktəbində də tədris proqramı milli standartlara və milli kurikuluma əsaslanacaq.
Nazir müavini ölkənin təhsil mühitində ADA Məktəbinin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

 

ADA Məktəbinin təhsil modeli

 

Sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal ADA Məktəbinin yaranma səbəbləri, qəbul qaydaları və fəaliyyət konsepsiyası haqqında təqdimatla çıxış edib. Bildirib ki, məqsədimiz keyfiyyətli təhsil əsasında cəmiyyət üçün savadlı və ləyaqətli vətəndaşlar yetişdirməkdir. Qarşıya qoyulan məqsədlər sırasında daxili və xarici tələblərə uyğun inkişafa nail olmaqdır. Bunun üçün fəaliyyətimiz daxili və xarici əmək bazarına uyğun kadrların hazırlanmasına yönəlib. ADA Məktəbinin təhsil modeli yeniliklərdən ibarətdir. Belə ki, bu məktəbin məzunları ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunacaqlar.

 

ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir

 

Diqqətə çatdırılıb ki, ADA Məktəbi 2019-2020-ci tədris ilindən etibarən X və XI siniflərə şagird qəbulu elan edir. Qəbul yerli və xarici vətəndaşlar üçün açıqdır. 2019-2020-ci akademik il üçün X sinfə qəbul olunanlar həm Azərbaycan, həm də ingilis dilində oxuya biləcəklər. XI sinfə qəbul olunanlar isə yalnız ingilis dilində təhsil alacaqlar.
Sonda iştirakçıların sualları cavablandırılıb.

 

 

22 2019 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə