Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Əfqanıstan veteranlarına daim qayğı göstərir

Dövlət Əfqanıstan veteranlarına daim qayğı göstərir

Son vaxtlar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xalqımız tərəfindən məmnunluqla qarşılanır. Böyük Vətən müharibəsində, Qarabağ müharibəsində həlak olanların ailələrinə, həmin müharibənin veteranlarına verilən təqaüdlərin artırılması ilə bağlı Prezident sərəncamları ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bugünlərdə ölkə Prezidenti Əfqanıstan müharibəsi iştirakçılarının maddi durumunun yaxşılaşdırılması ilə bağlı daha iki sərəncam imzalamışdır.
Onlardan biri “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, digəri isə “Azərbaycan Əfqanısan veteranlarına dövlət qayğısının artırılması ılə bağlı əlavə tədbirlər haqqında” Prezident sərəncamlarıdır. Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən təqaüd 300 manata çatdırılmışdır. 
Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar cənab Prezidentin imzaladığı digər sərəncamda Prezidentin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə bir milyon manat vəsaitin ayrılmasını da Əfqanısan müharibəsi veteranları böyük minnətdarlıq hissi ilə qarşılamışlar.
Bu müharibə yolunu keçmiş döyüşçülər arasında mən də varam. 1979-cu ildə başlayan bu müharibənın iki ilinin (1986-1988) iştirakçısı olmuşam. Mənim Əfqanıstana gedən yolum Özbəkistan Respublikasının Çerçik şəhərindən başlanmışdı. Burada ciddi təlimlər keçəndən sonra bizi Əfqanıstana göndərdilər. Çətin yol idi. Biz birbaşa qanlı müharibənin ortasına atıldıq. Azərbaycanlılar çox idi. Əfsus ki, biz onların böyük bir qismini itirdık.
Rəsmi məlumata görə, on illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir qismi Qarabağda gedən döyüşlərdə həlak olub, yaxud sonradan vəfat edib. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.
Biz döyüşçülər yaxşı bilirdik ki, beynəlxalq ictimaiyyət Sovet qoşunlarının Əfqanıstana təcavüzünü kəskin etirazla qarşılamışdı və onlar SSRİ-nin işğalçı müharibə apardığını söyləyirdilər. Bir sözlə, Əfqanıstan müharibəsi Qərblə SSRİ arasında münaqişələrin sonuncusu oldu. 70-ci illərin sonlarında başlayan müharibə qurtarmaq bilmirdi. Müharibə nəticəsində yaşayış məntəqələri dağıdılmış, əhali kütləvi şəkildə (5 milyona yaxın) Pakistana, İrana və başqa ölkələrə qaçmışdı. Ərzaq məhsulları istehsalı kəskin surətdə aşağı düşmüş, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı.
1987-ci il yanvarın 15-dən ölkənin hər yerində hərbi əməliyyatlar dayandırıldı. İqtidar və müxalifət qüvvələrinin iştirakı ilə Koalisiya hökuməti yaratmaq haqqında təklif irəli sürüldü. Milli barışığın əldə edilməsi üçün yeni konstitusiya qəbul edildi. Konstitusiyada bütün vətəndaşların hüquq bərabərliyi, qanun çərçivəsində çoxpartiyalılıq prinsipi təsbit edildi. ƏXDP-nin baş katibi Nəcibulla respublikanın prezidenti seçildi. 1988-ci ilin mayında Sovet qoşunlarının mərhələ-mərhələ Əfqanıstandan çıxarılmasına başlandı. 1989-cu il fevralın 15-də qoşunların çıxarılması başa çatdı. Mən isə Vətənə üç “Qırmızı ulduz” ordeni ilə qayıtmışdım. Müharibənin dayandırılması öz döyüşçü dostlarım kimi, məni də ürəkdən sevindirdı. 
Bu gün Əfqanıstan müharibəsi veteranları müstəqil Azərbaycanımızın suverenliyinin təmin olunması üçün hər an Qarabağ uğrunda döyüşə hazırdırlar. 
Biz Əfqanıstan müharibəsi veteranları belə yüksək qayğı və diqqətə görə cənab Prezdentə öz minnətdarlığımızı bildirir, Azərbaycanımızın müstəqilliyi yolunda dövlət başçımıza uğurlar arzulayırıq.

 

Hacı MİRMEHDİZADƏ, 
Əfqanıstan müharibəsi veteranı

22 2019 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin