Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərir

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərir

Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Bunu Avropa İttifaqı rəsmilərinin, eləcə də ayrı-ayrı Avropa ölkələri nümayəndələrinin ölkəmizə mütəmadi səfərlərindən də görmək mümkündür. Elə yaşadığımız həftə də istisna təşkil etmədi. Həmin müddətdə Azərbaycan diplomatiyasının gündəmi Avropa İttifaqı ilə münasibətlər baxımından zəngin oldu. Həm Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclasının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilməsi, həm Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger, Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilərin ölkəmizə səfəri və dövlət başçımız tərəfindən qəbul edilməsi, həm də tərəflər arasında yeni saziş layihəsi ilə bağlı müzakirələrin növbəti raundunun baş tutması bunu deməyə əsas verir.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizmləri fəaliyyət göstərir ki, bu da Aİ-nin ölkəmizin regiondakı aparıcı mövqeyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Aİ ilə Azərbaycan arasında nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizminin yaradılması yeni təşəbbüsdür. Aİ tərəfindən Azərbaycanın nəqliyyat strategiyası və regionun nəqliyyat qovşağı olması yüksək qiymətləndirilir və bu sahədə ölkəmizlə əməkdaşlığa ciddi maraq göstərilir. 
Fevralın 19-da Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi Aİ nümayəndə heyətinin ölkəmizdə səfərdə olması da bununla bağlıdır. H.Hololey Azərbaycan Prezidenti İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri, habelə AZAL və digər qurumların rəhbərliyi ilə yüksək səviyyəli nəqliyyat dialoqu çərçivəsində görüşlər keçirmişdir. 
Tərəflər Azərbaycanın əlverişli nəqliyyat qovşağı və logistika mərkəzinə çevrildiyini, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin kəsişməsində mühum yer tutduğunu təsdiq ediblər. Bununla yanaşı, Aİ-nin Şərq-Qərb dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə dəstək verdiyi, hazırda fəaliyyətdə olan bu yolun Asiya və Avropa İttifaqı ölkələrini birləşdirən nəqliyyat şəbəkələrində özünəməxsus rol oynadığı, səmərəlilik, vaxt və sürət baxımından aşıq-aşkar üstünlüklərə malik olduğu xüsusi qeyd olunub. Dialoq zamanı Azərbaycanın Transavropa Nəqliyyat Şəbəkəsinə qoşulmasının və Aİ ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə ayrıca yer ayrılmasının bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi bildirilib. Sözügedən mövzunun Azərbaycan – Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədində də yer aldığı xatırlanıb və həmin istiqamət üzrə ümidverici perspektivlərin olması bəyan edilib.
Bundan əlavə, bu həftə ərzində Aİ ilə strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqlar da davam etdirilib. Bu məqsədlə Aİ-nin nümayəndə heyəti Azərbaycanda olub, saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb. Avropa İnvestisiya Bankının (AİB) nümayəndə heyəti də ölkəmizdə olub. Dövlətimizin başçısı AİB nümayəndə heyətini qəbul edib. AİB TAP layihəsinin maliyyələşdirilməsində iştirak edir və ölkəmizin inkişafını, investisiya cəlbediciliyini nəzərə alaraq, əməkdaşlığın yeni sahələrinə maraq göstərir. 
Bütün bunlar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini göstərir. Biz bunu Aİ rəsmilərinin qeyd olunan tədbirlərdə səsləndirdiyi fikirlərdən də görürük. Məsələn, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında bildirib: “Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər”. Bu fikir onu göstərir ki, Azərbaycan bir çox sahələrdə inkişaf etmiş ölkələrə nümunə təşkil edir.
Ottinger sonra deyib: “Mən əminəm ki, biz hər iki tərəfi qalibə çevirən zəruri kompromisləri tapa biləcəyik və güclü tərəfdaşlar arasında bu, belə də olmalıdır”. Bu, onu göstərir ki, Aİ Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığı qəbul edir. Halbuki Ermənistanla imzalanan saziş Aİ tərəfindən birtərəfli qaydada hazırlanaraq təqdim olunmuş və Ermənistan həmin şərtləri mütləq şəkildə qəbul etmişdir.
Aİ rəsmisinin başqa bir fikri: “Biz öz tərəfdaşımız və qonşu ölkələrimiz üçün enerji daşıyıcıları üzrə etibarlı tərəfdaş olmağa hazırıq. Bu tərəfdaşlığa görə sizə təşəkkür edirik. Burada çox etibarlı komandamız var. Gəlin birlikdə işləməyə davam edək”. Buradan isə aydın olur ki, Aİ Azərbaycanın strateji əhəmiyyətini anlayır, onunla əməkdaşlıqdan məmnundur və bu əməkdaşlığın davam etməsini arzulayır.
Heç şübhəsiz, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi güclü, qətiyyətli və milli maraqlar üzərində qurulmuş xarici siyasət nəticəsində mümkün olmuşdur. Hazırda bu siyasət uğurla davam etdirilir və bu gün müzakirə olunan məsələlərin gələcəkdə hər iki tərəfə böyük dividendlər qazandıracağı gözlənilir.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

 

22 2019 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə