Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal aksiyalar demokratiyanın təzahürü ola bilməz

Radikal aksiyalar demokratiyanın təzahürü ola bilməz

Demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri fikir və söz azadlığı, müstəqil mətbuatın fəaliyyətinə normal şərait yaradılması, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan hüquq və azadlıqlarının qorunmasının mühüm amillərindən hesab olunur. Azərbaycan hazırda demokratik təsisatların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdəndir.

Respublikamızda bütün azadlıqların təmin olunması istiqamətində mütəmadi tədbirlərin keçirilməsi, əlverişli şəraitin yaradılması üçün əsaslı şərait formalaşdırılıb. Buna baxmyaraq, bir qrup radikal müxalifət nümayəndəsi gah mitinq, gah da müxtəlif aksiyalar keçirməklə demokratik inkişafa kölgə salmağa çalışır. 
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı belə antimilli qrupun üzvlərinin mövqeyini kəskin pisləyərək dedi:
– Adlarını “Demokratik Qüvvələrin Milli Şurası” qoyan belə xəyanətkarların mitinq keçirmək təşəbbüsünə qoşulanların sayı çox ola bilməz. Onların əksəriyyəti aksiya təşkilatçılarının yaxınları və tüfeyli həyat keçirənlərdir. Heç yerdə işləməyib müftə yolla və Azərbaycanı gözü götürməyənlərin verdiyi çirkli pullar hesabına dolanan belələri üçün Vətən, xalq, millət təəssübü bir o qədər də önəmli deyil. Təki ölkədə ictimai-siyasi sabitlik pozulsun, qarşıdurma yaransın. Bununla da ölkəmiz əleyhinə böhtan və iftiradan ibarət hesabatlar hazırlamaq üçün “fakt” olsun. 
Dəfələrlə şahidi olmuşuq ki, Milli Şuranın təşkil etdiyi mitinq xaricdən sifariş olunur. Ona görə də belə aksiyalar siyasi yox, sifariş xarakterlidir. Hazırda bu cür etiraz mitinqinə əsas yoxdur. Hər kəs öz işində-gücündədir. Ölkəmizdə beynəlxalq standartlara uyğun yaradılan müxtəlif istiqamətli istehsal və sənaye müəssisələri qapılarını işləmək istəyənlərin üzünə açıb. Dövlətimizin başçısı son vaxtlar əhalinin sosial müdafiəsinin daha da gücləndirliməsi istiqamətində bir- birinin ardınca sərəncamlar imzalayır. Bu diqqət və qayğı əhali tərəfindən böyük razılıqla qarşılanır. Bundan başqa, ölkəmiz mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının da Bakıda keçirilməsi Azərbaycan dövlətinə, Prezidentimizə olan inam və etibarın bariz nümunəsidir. Yeri gəlmişkən, belə bir nüfuzlu tədbirin keçirildiyi bir vaxtda Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Nə yaxşı ki, belə xəbis niyyətli insanların aksiya keçirmələrinə icazə verilmədi. Yoxsa, yanvarın 19-da “Məhsul” stadionunda keçirdikləri mitinqdə, ertəsi gün – ayın 20-də isə Şəhidlər xiyabanında qarşıdurma yaratmaq cəhdlərini yenidən təkrarlayacaq və ölkəmizdə keçirilən beynəxalq səviyyəli tədbirin iştirakçılarına “sübut edəcəkdilər” ki, baxın, görürsünüzmü, Azərbaycanda insanların öz fikirlərini sərbəst ifadə etmələrinə imkan vermirlər. Tədbir iştirakçıları haradan bilsinlər ki, bu, fikir, söz azadlığı yox, antiazərbaycan qüvvələrin sifarişi ilə həyata keçirilən pozucu hərəkətdir.
Göründüyü kimi, həmişə Azərbaycanda hansısa mötəbət tədbir keçirilən zaman radikal müxalifət nümayəndələri mitinq xəyalına düşürlər. Digər tərəfdən, onların təlimatlandırıb Avropa ölkələrinə göndərdikləri xəyanətkarlar da ayrı-ayrı beynəlxalq təşkilatlar, həmçinin sosial şəbəkələr vasitəsilə Azərbaycan, onun başçısı əleyhinə kampaniyalar aparırlar. Həmin kampaniya ilə Milli Şura adlanan antimilli qurumun fəaliyyəti koordinasiya olunur. 
Belə aksiyalar ənənəvi qaydada antiazərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı kampaniyaların stimullaşdığı dövrə təsadüf edir. Yenə də eyni simalar, təkrar-təkrar səslənən yalan vədlər. Bu da onu sübuta yetirir ki, mitinq sifarişi konkret xarici dairədən gəlir. 
Cəmiyyət də çox gözəl anlayır ki, bu gün etiraz mitinqləri keçirilməsinə səbəb yoxdur. Hazırda bütün dünya iqtisadi, siyasi, hərbi böhran içərisində olduğu halda, Azərbaycanda davamlı sabitliyin, iqtisadi inkişafın qorunub saxlanılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, sosial layihələr uğurla icra olunur, idarəetmədə müasirləşmə islahatları davam etdirilir. Bu inkişafın ölkəmizi sevməyən dairələrdə qısqanclıq yaratması başadüşüləndir. Həmin səbəbdən də sabitliyi pozmaq üçün hər zaman bu cür vasitələrdən istifadə edirlər. Ancaq həmişə iflasa uğrayıblar. 

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

22 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin