Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi ili” hamını yüksək mənəviyyata çağırır

“Nəsimi ili” hamını yüksək mənəviyyata çağırır

Prezident İlham Əliyev müvafiq sərəncamla 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə yüksək mədəniyyətə, şeirə, sənətə böyük diqqət göstərilməsinin təzahürü olmaqla bərabər, həm də bu dahi şair və mütəfəkkirin yaradıcılığının daha dərindən öyrənilməsi zəruriliyini göstərir. 
Xatırladaq ki, UNESCO çərçivəsində də “Nəsimi ili” elan olunan bu ildə, eyni zamanda, bütün mütərəqqi bəşəriyyət Seyid İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edəcək.Aradan əsrlər keçməsinə baxmayaraq hələ də tədqiqatçıların araşdırma obyekti olan şairin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində maddi və mənəvi irs olaraq daim yüksək qiymətləndirilir, bəşəriyyəti istibdada, sosial ədalətsizliyə qarşı barışmaz olmağa, hər növ zülmə qarşı etiraz səsini ucaltmağa səsləyir.
İmadəddin Nəsimi yaradıcılığa aşiqanə şeirlərlə başlasa da, sonralar zəmanəsinin ictimai-siyasi, əxlaqi mövzularında əsərlər qələmə alıb, ədəbiyyat tariximizdə ana dilində yaranan fəlsəfi qəzəlin banisi kimi tanınıb. 
Azərbaycan şerinin şəkli xüsusiyyətlərini təkmilləşdirən dahi şair əruz vəzninin bəhrlərini dilimizin xüsusiyyətlərinə uyğunlaşdırıb, üç dildə mükəmməl əsərlər yazıb. Rübailərində hürufiliyin müddəaları, özünün fəlsəfi görüşləri, həyat haqqında düşüncələri aydın bir şəkildə oxucunun diqqətinə çatdırılıb. Eyni zamanda, doğma dilində yazdığı əsərlərlə şeirimizin inkişafında yeni bir mərhələnin əsasını qoyub, Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərib. 
Mütəfəkkir şair yaradıcılığında insanları güclü və zəif kimi yox, kamil və cahil olaraq qruplara bölüb. Kamil şəxsin yaradıcı, cahilin isə dağıdıcı qüvvəni təmsil etdiyini deyib, bununla belə insanın və təbiətin ən kamil yaradılış olduğunu vurğulayıb. 
İmadəddin Nəsimi “Bəllidir“ , “Sığmazam“ , “Kimə nə?”, “Etməgil“ , “Ağrımaz“ və digər bu kimi qəzəllərində Allah, təbiət və insan arasında olan eşqi tərənnüm edib, dini şeirlərində isə insanları haqqa, ədalətə çağırıb. 
Şair Suriyanın Hələb şəhərində Misir sultanı Əl-Müəyyədin əmri ilə edam olunanda şeirlərində bəhs etdiyi lirik qəhrəmanı kimi qorxusuz, mərd olub, qəlbi Allah sevgisi ilə çırpınıb. 
Nəsimi yaradıcılığı biz gəncliyi haqqın, ədalətin yanında dayanmağı, nahaqqa, şərə qarşı barışmazlığı təlqin edir. Ona görə də belə bir şəxsiyyətin, dahi şair və mütəfəkkirin yaradıcılığına sevgi ilə yanaşıb yüksək qiymətləndirdiyinə görə cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. 

 

Kənan AĞALİYEV, 
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

22 2019 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin