Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə yeni infrastruktur layihələri icra edilir

Şəkidə yeni infrastruktur layihələri icra edilir

Şəki Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında səsləndirilən diqqətçəkən faktlar və rəqəmlər çox idi. Buna baxmayaraq, şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində diqqəti ötən ilin oktyabr ayına yönəldərək dedi ki, bu ay şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Oktyabrın 29-da Prezident İlham Əliyev Şəkiyə səfər etmişdir.

Natiq xatırlatdı ki, dövlət başçımız həmin gün Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinin, Bayraq muzeyinin, 7,2 kilometr uzunluğunda Şəki – Kiş avtomobil yolunun, Şəki “ASAN Həyat” kompleksinin, Heydər Əliyev Fondu tərəfindən inşa olunan qarışıq tipli uşaq evinin, “ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi”nin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Şəki “ASAN Həyat” Kompleksinin əməkdaşları ilə görüşündə demişdir: “Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir”.
İcra başçısı qeyd etdi ki, oktyabr ayında cənab Prezident Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 4 sərəncam imzalayıb. Ümumilikdə isə Prezident İlham Əliyev Şəkiyə 8 dəfə səfər edib. Bu səfərlər zamanı 24 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak edib, qısa müddətdə Şəkinin sosial – iqtisadi inkişafı ilə bağlı 18 sərəncam imzalayıb. 
Natiq vurğuladı ki, 2018-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə, 459 milyon 235 min manatlıq məhsul buraxılıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113 faiz təşkil edir. Bu məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2462 manatlıq məhsul istehsal olunub. Pərakəndə əmtəə dövriyyəsi 418 milyon 359 min manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 101,7 faizdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 100 milyon 583 min manat olub ki, bu da 2017- ci illə müqayisədə 104,8 faiz təşkil edir. 
Qeyd edildi ki, 2018-ci ildə rayonda 2118 yeni iş yeri açılıb, bunun da hamısı daimidir. Yeni açılmış iş yerlərinin 15 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 27 faizi mövcud müəssisə və təşkilatların, 87 faizi isə fiziki şəxslərin payına düşür. Ümumiyyətlə, 2003- cü il oktyabrın 1-dən indiyədək rayonda 21 min 819 yeni iş yeri açılıb ki, bunun da 95,9 faizi daimidir. 
2018-ci ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 109 milyon 128 min manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120,7 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 87,6 faizi dövlət mülkiyyətinin, 12,4 faizi qeyri-dövlət, payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 
Şəki respublikanın ən iri aqrar rayonlarından biridir. Kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. 2017-ci ilin payızında əkilmiş 66 min 839 hektar taxıl sahəsindən 221 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33 sentnerdir. Bu da əvvəlki ilin istehsalından 7 min ton çoxdur. 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 68 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. 
İxracyönümlü sahələr olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır. Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, “Azər İpək” MMC öz fəaliyyətini bərpa edib. Qısa müddətdə ipəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynayıb. Ötən il rayonda 514 ton yaş barama tədarük edilib və müəssisənin ilboyu işləməsi üçün zəmin yaranıb. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da 70 faizi qadınlardır. 
Prezidentin tütünçülüyün inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahəyə maraq artıb. 2018-ci ildə 2977 ton quru tütün istehsal olunub, 2000 nəfərə yaxın insan işlə təmin edilib, orta məhsuldarlıq 33,9 sentner olmaqla, ölkə üzrə rekord göstəriciyə nail olunub. Bu il 1030 hektar sahədə tütün əkini proqnozlaşdırılır. 
Şəki şəhərinin turizm potensialını düzgün qiymətləndirən şəhər icra hakimiyyəti infrastrukturun genişləndirilməsi məqsədilə investorların cəlb edilməsi sahəsində də bir sıra işlər həyata keçirib. Görülmüş işlərin nəticəsi olaraq şəhərin Şəhriyar küçəsində turistlər üçün daha əlverişli – üçmərtəbəli, 33 otaqlı mehmanxana binasının tikintisinə başlanılıb. Həmçinin “Şəki Park” istirahət mərkəzində müasir tələblərə cavab verən dördmərtəbəli 55 otaqlı 4 ulduzlu otel tikintisi başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısı nəticəsində son illər rayonda 30-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Təhsil Nazirliyinin sifarişi ilə 2018-ci ildə dövlət vəsaiti hesabına müasir standartlara uyğun inşa edilmiş 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbində 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

22 2019 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin