Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəzən yuxular da elmi kəşflərə rəvac verir

Bəzən yuxular da elmi kəşflərə rəvac verir

XVIII əsrdən başlayaraq sivil inkişafa təkan verən əksər elmi kəşflər məhz yuxugörmələr nəticəsində meydana çıxıb.  Onlardan ikisini təqdim edirik

1596-1650-ci illərdə yaşayan məşhur fransız alimi, fiziki və riyaziyyatçısı Rene Dekartın kəşflərini yuxuda gördüyü məlumdur. O hələ 23 yaşından başlayaraq elmi kəşflərini yuxuda etdiyini dönə-dönə vurğulayırdı. Buna inananlar da olurdu, inanmayanlar da. Amma Dekartın elmi kəşfləri həmin dövrdə fizika elminin inkişafına yeni təkan verərək günümüzdəki böyük elmi tapıntıların əsasını qoydu.

Bununla bağlı Dekart yazırdı: “1619-cu ilin noyabr ayının 10-da yuxuda əlimə kitab verdilər. Orada yazılmışdı: Mən hansı yolla getməliyəm? Sonra gözlərim önündə sanki yeni bir lövhə açıldı, hansısa səslə mənə izah etdilər ki, bütün elmlər bir-biriləri ilə sıx əlaqədədirlər və mən ilk növbədə onlar arasında əlaqəni tapmalıyam. Hər hansı kəşfimi etməzdən əvvəl yuxumda bu məqsədə necə nail ola biləcəyimi görürdüm və ya kimlərsə sanki mənə kəşfə gedən yolu izah edirdilər. Mən onda anladım ki, insanın tapa bilmədiyi sirr yoxdur”. Hər halda yuxuda gördüyü kəşfləri real həyatda sınaqdan çıxarması Dekartı dünyanın ən məşhur fizikinə və riyaziyyatçısına çevirdi.

Məşhur alman kimyaçısı Fridrix Avqust Kekule gənclik illərindən benzolun molekulyar strukturunu tapmaq üçün gecə-gündüz bilmədən çalışırdı. Lakin onun bütün cəhdləri boşa çıxırdı. Buna baxmayaraq Kekule haçansa benzolun molekulyar strukturunu tapacağına inanaraq yenə də axtarışlarını davam etdirirdi. Alimin özünün sonralar etiraf etdiyinə görə bu axtarışlar onu o qədər özünə cəlb etmişdi ki, gecələr yatanda belə bu barədə fikirləşirdi. Bəzən yuxuda axtardığını tapdığını görürdü, ancaq necə tapdığını sonra heç cür xatırlaya bilmirdi. Bu, 1865-ci ilin soyuq qış gecələrindən birinə kimi davam etdi. Həmin gün həddindən artıq yorulan və artıq axtardığını tapmaqdan ümidini kəsməyə başlyan Kekule işdən evə gələn kimi uzanaraq yorğunluğunu azacıq da olsa, almaq istədi. Hər halda artıq axtarışlarını mənasız hesab edərək benzolun molekulyar strukturu ilə bağlı araşdırmalarını dayandırmaq niyyətində idi. Amma sən saydığını say, gör belə demək mümkünsə insan beyni nə sayır… Yuxuya gedəndən az sonra o yerindən dik atılaraq “Tapdım” deyə sevinc içində qışqırdı. Ertəsi gün Kekule laboratoriyada benzolun molekulyar strukturunu taparaq ona böyük elmi şöhrət gətirən kəşfini etdi. Sonralar kəşfi yuxuda etdiyi barədə alim yoldaşlarına danışanda az qala onu dəli yerinə qoydular. Çoxlarına elə gəldi ki, Kekule ağlını itirməkdədir. Lakin elmi konfranslardan birində Kekule yeni kəşfini yuxuda tapdığını deyəndə bunu sakit qarşıladılar. Çünki alimin ağlının yerində olduğu, olduqca səlis və dəqiq danışdığı aydın hiss olunurdu. Bununla bağlı Kekule belə demişdi: “Elmi axtarışlarımın nəticə verməyəcəyini görüb, bu mənasız və üzgün işdən əl çəkmək qərarına gəlmişdim. Bu fikirlə də yorğun-yorğun yatağa uzandım. Bilmirəm, nə üçünsə yuxuya gedən kimi gözlərim önündə atomlar atılıb-düşməyə başladılar. Onlar böyük bir ilana oxşayırdılar. Mən belə demək mümkünsə, atomların rəqslərini maraqla izləyirdim. Birdən gördüm ki, ilanlardan biri quyruğunu tutaraq gözümün qabağında rəqs etməyə başladı. Məni sanki ildırım vurdu, dərhal yuxudan oyandım. Mən anladım ki, benzolun molekulyar strukturu qapalı dairədən ibarətdir”.

Kekulenin bu kəşfi kimiyanın inkişafına yeni təkan verərək adı çəkilən sahədə yeni inqilaba gətirib çıxardı. Kekule bununla bağlı alimlərə müraciət edərək: “Cənablar, gəlin yuxuda gördüklərimizə ciddi yanaşaq və onu öyrənək. Onda biz daha böyük elmi kəşflərə imza atmış olacağıq”, – demişdi.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 15:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin