Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Babaoğlu: Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil

Hikmət Babaoğlu: Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil

Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, mitinqlər, yazılı bəyanatlar, mətbuat və s. vasitəsilə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir.

Millət vəkili əlavə edib ki, yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayiş, onun qorunması və digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar:

“Təəssüf ki, bəzən bizdə belə məsələlərə diqqət yetirilmir, mitinqlər zamanı qanunun tələbləri və ictimai asayiş mitinq iştirakçıları tərəfindən pozulur və bu da digər vətəndaşlarımızda haqlı narazılıqlar yaradır. Görünür, Bakı Şəhər İcra Hakimiyyəti həm də bu nüansları nəzərə alaraq özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun fevralın 23-nə planlaşdırdığı mitinqin keçirilməsinə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeyi təmin etməkdir. Bundan əvvəlki mitinqlə bağlı xeyli sayda qanun pozuntusu qeydə alındı və onların araşdırılması, təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil".

Deputat qeyd edib ki, hazırda çoxsaylı informasiya və internet resursları, sosial şəbəkələr vasitəsilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur. Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə üsullardan istifadə etmək daha məqbul hesab edilə bilər.

 

"Xalq qəzeti"

22 2019 14:48 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin