Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Estoniyanın xarici işlər naziri: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Estoniyanın xarici işlər naziri: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir. Bunu Azernews və Trend-ə müsahibəsində Estoniyanın xarici işlər naziri Sven Mikser deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Estoniya iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir: “Biz hələ də əməkdaşlıq üçün imkanların öyrənilməsi mərhələsindəyik. Ölkə hökumətləri müntəzəm olaraq ticarət və investisiyalara kömək məqsədilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün hökumətlərarası komissiyanın iclaslarını keçirir. Estoniya Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlıdır. Çünki ölkənin mövqeyi sürətlə inkişaf edən “Şimal-Cənub” tranzit dəhlizinin regional qovşaqlarından birinə çevrilməyə imkan yaradır”.

S.Mikser vurğulayıb ki, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq da qarşılıqlı maraq kəsb edir: “Tərəflər energetika, qida məhsullarının emalı və istehsalı kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib və biz ümid edirik ki, bu əlaqələr tərəfdaşlıq münasibətlərinə çevriləcək”.

Estoniyalı nazir bildirib ki, iki ölkə İKT və təhsil sahələrində də sıx əməkdaşlıq edir və dövlətlərin iqtisadi münasibətlərin inkişafı və ticarət dövriyyəsinin artırılması üzrə böyük potensialı var: “Estoniyanın “Germalo” turizm agentliyi Azərbaycana müntəzəm turlar təşkil edir. İki ölkə arasında turizm axını arta bilər. Son bir neçə il ərzində Azərbaycan vətəndaşlarına verilən Estoniya vizalarının sayı eyni səviyyədə qalıb. Əminəm ki, insanlar arasında əlaqələrin çoxalması, eləcə də mədəni və işgüzar əlaqələr turist sayının artmasına kömək edəcək”.

Siyasi münasibətlərdən danışan S.Mikser qeyd edib ki, Estoniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər stabildir: “Son illərdə siyasi əməkdaşlığın möhkəmlənməsində irəliləyişə nail olmuşuq. Biz parlamentlərimiz arasında yaxşı əlaqələri məmnunluqla qeyd edirik. Vitse-spikerimiz 2018-ci ilin oktyabrında Bakıya səfər edib. Estoniya hökuməti “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı qiymətləndirir və Avropa İttifaqında bu təşəbbüsü fəal təşviq edir. Aİ Azərbaycanın vacib tərəfdaşıdır və biz Aİ-Azərbaycan münasibətlərində müsbət dinamikanı alqışlayırıq. Aİ və Azərbaycan hazırda əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni çərçivə sazişi barədə danışıqlar aparır. Təbii ki, siyasi dialoqun intensivləşməsi və əməkdaşlıq sahələrinin şaxələndirilməsinə maraq mövcuddur”.

Estoniyalı nazir, həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq barədə fikirlərini bölüşüb: “İki ölkənin universitetləri arasında yaxşı əməkdaşlıq təşkil edilib və bir çox tələbə ölkələrimizdə təhsil almaq imkanı əldə edib. Tələbə mübadiləsi ölkələrimiz arasında dostluğun inkişaf edə biləcəyi möhkəm bazadır. Mən çox şadam ki, Estoniyanın incəsənət nümayəndələri eston mədəniyyətini Azərbaycanda təqdim etmək imkanı qazanıb. Eyni zamanda, son 20 il ərzində Şimali Avropanın ən iri kinofestivallarından hesab olunan “Qaranlıq gecələr” Tallin kinofestivalında dəfələrlə Azərbaycan filmləri nümayiş etdirilib”.

 

“Xalq qəzeti”

22 2019 10:44 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin