Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib

Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib

Dohada Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, iclasda Azərbaycan ilə Qətər arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan komissiyanın həmsədri Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Qətərə səfərinin nəticələrinin əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini, həmçinin Bakıda keçirilmiş ilk iclasın yüksək səviyyədə təşkilinə və ekspertlər səviyyəsində görüşlərə görə təşəkkürünü bildirib.
Komissiyanın həmsədri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişafının iki dövlətin maraqları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
İclasda ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə davam etdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Həmsədrlər ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Görüşün sonunda Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclasının Protokolu imzalanıb. 
Protokolu komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani imzalayıblar.
Səfər çərçivəsində nazir K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın əhəmiyyətindən danışılıb, iki ölkə arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

AZƏRTAC

21 2019 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin