Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişdirir

Prezident İlham ƏLİYEV: Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişdirir

Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.
İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti

 


Xəzər dənizinin Azərbaycan sektorundakı ­enerji qaynaqlarını Avropaya ixrac edəcək Cənub Qaz Dəhlizi ­hazırda dünyada reallaşdırılan nəhəng layihələrdən biri kimi beynəlxalq aləmin diqqət mərkəzindədir. 
Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində adıçəkilən dəhlizin məşvərət şurası çərçivəsində nazirlərin beşinci toplantısının keçirilməsi bunun əyani nümayişinə çevrildi.
Prezident İlham Əliyev nitqində ölkəmiz tərəfindən sözügedən  mühüm prosesə 2015-ci ildə start verildiyini, Azərbaycanın belə bir əməkdaşlıq formatının təşəbbüskarı olduğunu  xatırladıb. Eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsini davamlı şəkildə dəstəkləyənlər sırasında Avropa Komissiyasının, ABŞ hökumətinin önəmli rol oynadığını, həmçinin qonşularımız Türkiyə və Gürcüstanın, Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın bu təşəbbüsün gerçəkləşməsində məsul bir komanda rolunda çıxış etdiklərini diqqətə çatdırıb. 

Dövlətimizin başçısı çıxışında Cənub Qaz Dəhlizi layihəsinə maraq göstərən dövlətlərin sayının getdikcə artması kimi mühüm bir məsələni də önə çəkib: “Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır”.
Azərbaycan Prezidenti çıxışında, həmçinin layihənin həyata keçirilməsində dünyanın aparıcı maliyyə qurumları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı tərəfindən fəallıq göstərildiyini, ümumi marağı əks etdirən, qarşılıqlı əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi təşəbbüsünün ölkəmizin 1994-cü ildə təməli qoyulan enerji strategiyasının tərkib hissəsi olduğunu bildirib. Dövlət başçısı daha sonra xatırladıb ki, Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla   imzaladığı  müqavilə ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməldaşlığının başlanğıcı idi. Bununla da Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və ­1994-cü il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu: “Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.
Cənub Qaz Dəhlizi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan, daha sonra isə digər perspektiv yataqlardan çıxarılan qazı Avropa ölkələrinə çatdıracaq. Yeri gəlmişkən, xatırladaq ki, 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanan müqaviləyə əsasən həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Şübhəsiz ki, dövlət başçısının toplantıda qeyd etdiyi kimi, bu, yeganə mənbə olmayacaq.  “Şahdəniz”in təbii ehtiyatları artıq hasil və ixrac olunur.
Prezident  toplantıda ölkəmizin zəngin təbii qaz ehtiyatlarına malik olduğunu, təsdiqlənmiş  ehtiyatların 2,6 trilyon kubmetr təşkil etdiyini, “Şahdəniz”lə bərabər,  gələcəkdə “Abşeron”, “Ümid” və “Babək” yataqları hesabına daha yüksək nəticələrin qeydə alınacağını da diqqətə çatdırıb.   
Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Azərbaycan yenidən müstəqilliyə qovuşduğu ilk illərdə əsas məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Belə bir nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı qazandılar. Azərbaycan isə ixracı mümkün qədər artırdı  və hazırda Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə   neft nəql edir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Eyni zamanda, bu layihənin həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir. 
Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə etməsi, yeni iş yerlərinin yaradılması  və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərməsi ilə bağlıdır.  
Toplantıda respublikamızın Cənub Qaz Dəhlizi layihəsindən əvvəlki vəziyyətinə də toxunulub. Bildirilib ki, Azərbaycan hazırda neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir. Buna görə də Azərbaycanın regiondakı rolu getdikcə artır. Belə bir şərait isə 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı ilə yaranıb və ilk dəfə olaraq respublikamız beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrilib. 
Bu gün barəsində danışılan dəhlizin əhəmiyyətli hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG)  layihəsi üzrə Azərbaycan və Gürcüstan ərazisindəki qurğular və boru kəməri ixrac qaz həcmlərini daşıyır. Ötən il CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. İki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib. Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir.
Cənub Qaz Dəhlizinin seqmentləri sırasında TANAP və TAP layihələri də üstünlük  təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən isə Avropaya nəql edəcək. 
Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə və 2021-ci ildə isə 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib ki, Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik.
2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacağını deyən G.Ottinger bildirib: “Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək”.
“Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal axını 2” və ya “Türk axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir”, - deyə G.Ottinger əlavə edib.

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti” 

 

 

 

21 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə