Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Araz ƏLİZADƏ: Mitinq keçirilməsinə heç bir əsas görmürəm

Araz ƏLİZADƏ: Mitinq keçirilməsinə heç bir əsas görmürəm

Azərbaycanda hökm sürən davamlı sabitlik, ölkənin iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin həyat tərzinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, bununla yanaşı son vaxtlar respublikamızda keçirilən mötəbər beynəlxalq tədbirlərin geniş vüsət alması antimilli dairələrin narahatlığına səbəb olub. Müxalifət adından istifadə edərək ölkədə qarşıdurma yaratmaq istəyən belə ünsürlər antiazərbaycan qüvvələrin növbəti sifarişini yerinə yetirmək üçün fevralın 23-də mitinq keçirmək həvəsinə düşüblər.
Bakı Şəhər İcra Hakimiyyəti adlarını “Demokratik Qüvvələrin Milli Şurası” qoyan bu qondarma qurumun mitinq müraciətinə mənfi cavab verib. Radikal müxalifət nümayəndələrinin keçirmək istədikləri mitinqə icazə verilməməsi ictimaiyyət nümayəndələri, siyasi partiya sədrləri, həmçinin ziyalılar tərəfindən razılıqla qarşılanıb. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə radikal müxalifətin mitinq keçirməsi sifarişinin xarici ağalarından gəldiyini dedi:
– Hazırda ölkəmizdə hər hansı bir mitinq və ya kütləvi etiraz aksiyası keçirməyə ehtiyac yoxdur. Bu istəyə düşənlərin məqsədi başadüşüləndir. Onlar Azərbaycanın inkişafını, əlaqələrinin getdikcə genişlənməsini, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini istəməyən antiazərbaycan qüvvələrin əlində alətə çevrilənlərdir. Fürsət düşən kimi, həmin alətlərdən bir vasitə kimi istifadə olunur. Təbii ki, “zəhmət haqlarını” ödəmək şərtilə. Güman edirəm ki, radikal müxalifətin xarici ağaları bu dəfə qrantın məbləğini də artırıblar. Ona görə də belə canfəşanlıqla mitinq keçirmək həvəsinə düşüblər.
Mən mitinqin təşkilatçılarından soruşmaq istərdim: meydana çıxıb nə tələb edəcəksiniz? Son günlər ölkə Prezidenti əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istqamətində bir-birinin ardınca çox əhəmiyyətli sərəncamlar imzalayıb. Minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri xeyli qaldırıldı. 11 min manat birdəfəlik yardım alacaq həlak olmuş hərbiçilərin varislərinin sayı 2 mindən çox artırıldı. Uğurlu islahatlar hələ də davam etdirilir. Hansı birini deyəsən? Bütün bunların müqabilində etiraz aksiyası keçirməyə lüzum varmı? Bu həvəsə düşənləri əxlaqsız və tərbiyəsiz adlandırıram. Onlar öz tərbiyəsizliklərini yanvarın 20-də də nümayiş etdirdilər. Əhali Vətən yolunda canını qurban verən şəhidlərimizin məzarlarını ziyarət etməyə gedən zaman mitinq keçirməyə adam tapmayan radikal müxalifət nümayəndələri özlərini izdihamın qarşısına verərək guya bu qədər əhalinin onların ardınca gəldiyini sübut etmək istəyirdilər. Bu tərbiyəsizlər hətta həmin gün də öz ”əxlaqlarını” nümayiş etdirərək yersiz şüarlar səsləndirir, bununla da şəhidlərimizin ruhuna hörmətsizlik edirdilər. Belə ünsürlərdən Vətən, xalq, millət təəssübkeşi olarmı? Qondarma Milli Şuranın üzvlərinin yanvarın 19-da keçirdikləri mitinq zamanı onların təhlükəsizliyini təmin edən asayiş keşikçilərinə qarşı sərt davranışları, qanuni tələblərə məhəl qoymamaları nə tez unuduldu?
Bunların fikri ölkədə qarşıdurma ­yaratmaq, həyata keçirilən islahatlara kölgə salmaqdır. Mən bunu nankorluq və əxlaqsızlıq hesab edirəm. Ona görə də belə əxlaqsızların heç bir səbəb olmadan meydanlara çıxıb haray-həşir salmalarının qarşısının alınmasının tərəfdarıyam.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

21 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə