Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət funksionerləri arasında barışmaz zidiyyət və ciddi qarşıdurma var

Antimilli qrupların özünü müxalifət adlandırması mənəviyyatsızlıqdır

Müxalifət funksionerləri arasında barışmaz zidiyyət və ciddi qarşıdurma var

Əvvəla onu qeyd edək ki, bu gün dünyanın demokratik və hüquqi dövlət quruculuğu yolu seçmiş (yəni monarxiyanın qorunduğu və ya diktaturanın mövcud olduğu ölkələr istisna edilməklə ) bütün dövlətlərində müxalifət var və hamı bunu normal qarşılayır. Demokratik, hüquqi dövlət qurmuş Azərbaycan Respublikasında da müxalifətin olması tamamilə təbiidir və böyüklü-kiçikli hamı müxaliflərin haqlarını tanıyır. Daha doğrusu, Avropanın ən mükəmməl konstitusiyalarından biri kimi qəbul edilən Əsas Qanunumuz bunu tələb edir və biz də qanunun tələblərini gözləyirik. 
Amma bir fakt da var ki, bizim ölkəmizdəki müxalifətin daxilində də öz rəhbərliyinə müxalif mövqedə dayananlar çoxdur. Hələ bu harasıdır? Müxalif partiyalar arasında mövcud olan barışmaz ziddiyyət və qarşıdurmalar getdikcə daha da kəskinləşir. İş o yerə çatıb ki, indi müxalifətçilər həm iqtidarın ünvanına şər-böhtan yağdırırlar, həm də “qonşu” partiyanın.  
Ötən ay AXCP tərəfdarları sosial şəbəkələrdə yazmışdılar ki, Əli Kərimli yanvarın 20-də Şəhidlər xiyabanına yürüş təşkil etmək istəyəndə, digər müxalif partiyaların rəhbərləri alçaqlıq və şərəfsizlik edərək onu dəstəkləmədilər. “Digər müxalif partiyanı” təmsil edən bir “hazırcavab” isə yazdı ki, alçaq və şərəfsizi yaxşı görməyiniz üçün sizə güzgü göndərəcəyik. Yəni bu adamlar nəinki cəmiyyət arasında, hətta öz aralarında belə normal rəftar qaydalarına əməl edə bilmirlər. Sonra da deyirlər ki, müxalifətin fevralın 23-nə təyin etdiyi mitinqə nə üçün icazə verilmədi?
Mitinqə nə üçün icazə verilmədiyini əsaslandıracaq çoxsaylı faktlar var. Birinci faktı yuxarıda qeyd etdik. Əlavə edək ki, Əli Kərimlinin “Milli Şura”sının yanvarın 19-da keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb. Üstəlik, keçirmək istədikləri yeni mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı da deyillər. Bunun isə bir adı var: təxribatçılıq.
Dünyanın sürətlə inkişaf edən ölkələrindən birinin – qüdrətli Azərbaycan dövlətinin siyasətinə müxalif mövqedə dayanmaq istəyən insanların ictimai-siyasi proseslərə məsuliyyətsiz münasibət bəsləməsi isə heç zaman ciddi qəbul edilə bilməz. Ona görə də, Bakı Şəhər İcra Hakimiyyəti hər hansı kütləvi tədbirin keçirilməsini məqbul saymır və hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun hesab edir. Bundan başqa, mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər. 
Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bugünkü müxalifətin başıpozuq hərəkətlərini ciddi şəkildə tənqid etmişdir. Partiya sədrinin ­“Hurriyet.orq” elektron qəzetində verilmiş geniş müsahibəsində belə faktlar açıq şəkildə tənqid edilir. Sərdar Cəlaloğlu müxalifətçiliyin dedi-qodudan, şər-böhtan söyləməkdən ibarət olmadığını deyir: “Hətta demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş adamın belə siyasətinə təsir etməlisən. Məgər ABŞ-da, Avropada müxalifət yoxdur? Orda seçkilər saxta keçirilib? Yox. Bu halda Amerikada, Avropadakı müxalifətin işi nədən ibarətdir? Bax, bizim müxalifət bunu başa düşmür. Anlamırlar ki, iqtidar demokratik yolla seçilsə belə, yenə də ona müxalifət olmaq lazımdır. Bu halda müxalifətçilik effektiv idarəetmə ilə bağlı olur.”
Partiya sədrinin fikrincə, müxalifətdəki bir sıra şəxslər istəmir ki, İlham Əliyev ölkəni effektli idarə etsin: “Belə düşünürlər ki, Prezident qaçqınlar, şəhid alilələri, qazilər, ümumən xalqla bağlı düzgün addım atarsa, onda onu yıxmaq çətin olar... Azərbaycan müxalifətinin dərk etmədiyi budur. Ona görə də müxalifət şüuraltı belə düşünür ki, iqtidar nə qədər pis idarə etsə, bu, bir o qədər müxalifətin xeyrinədir”. 
Elektorat sarıdan məhsuldar olmağı bacarmayan “Məhsul” müxalifətinin son addımlarını xarici qüvvələrin təhriki ilə atdığını söyləyən “Yurddaş” Partiyasının sədri Mais Səfərli də bugünkü müxalifətin ərzi-halı barədə maraqlı fikirlər səsləndirib:“Müxalifət elə hesab edir ki, küçələrə çıxmaqla əhalini öz başlarına toplaya biləcəklər. Fakt isə bundan ibarətdir ki, bu günə qədər onlar tərəfindən keçirilən aksiyaların heç bir nəticəsi olmayıb. Çünki xalqın müxalifətə heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan növbəti aksiyaların əvvəlki aksiyalardan heç bir fərqi olmayacaq. Bir sözlə, radikal müxalifət düşərgəsində özlərini lider hesab edən şəxslər cəmiyyətin gözündən düşmüş insanlardır. Yəni cəmiyyət müxalifətdən imtina edib”. 
Mais Səfərlinin fikrincə, müxalifət düşərgəsini təmsil edən liderlər heç vaxt bir-birinin varlıqlarını qəbul etməyiblər: “Yəni hər zaman biri özünü digərindən üstün tutub. Ona görə də müxalifət təmsilçiləri ayrı-ayrılıqda aksiyalar keçirirlər. Bu ünsürlərin bir-birini qəbul etməməsinin birinci səbəbi “liderlərin” şəxsi ambisiyalarının olması ilə bağlıdır. Çünki müxalifət “liderlərinin” hər biri ana müxalifət olmaq istəyir. Bu iddialar isə absurd və mənasızdır”. Belə olan halda nə üçün hansısa mitinqin keçirilməsinə icazə verilməlidir?
Sonda bir daha qeyd edək ki, xalqa və milli dövlətçiliyə qarşı mənəvi terror törətmək istəyən heç kəs öz istəyinə nail ola bilməyəcək. Çünki dövlət var, onun qanunları mövcuddur və bu xalq öz dövlətini qoruyur, dövlət başçısını isə dəstəkləyir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

21 2019 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin