Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalıdan sonra yaşamağa ümidimi itirmişdim”...

“Xocalıdan sonra yaşamağa ümidimi itirmişdim”...

Hamı kimi o da xoşbəxt olmaq istəyirdi. Ailə quranda da ürəyində min bir arzu, istəklə həyatının firavan günlərini düşünərək bu addımı atmışdı. Həyat yoldaşı sayılıb-seçilən, Vətən üçün gərəkli sənət sahibi idi. İctimai asayişi ­qoruyanların biri kimi, Xocalı aeroportunda polis zabiti idi.

Gövhər Fətullayevanın valideynləri Dərələyəzdən idilər. Amma məlum səbəblərdən İsmayıllıya köç etmişdilər. 1988-ci ilin sentyabrında İsmayıllıdan Xocalıya yön alan toy karvanı Şahin Haqverdiyevlə Gövhərin şərəfinə düzənlənmişdi. Bəzənmiş maşınların irəlilədiyi uzun yol xəyalında onu xoşbəxtliyə ­aparırdı, arzuların gerçəkləşməsinə istiqamət ­götürmüşdü... 
...Üç il beş aylıq ailə həyatı ona dünyaları bəxş etmişdi. Qəlbindəki böyük sevgiyə indiyədək də sahiblənən Gövhər həyat yoldaşının ağır və məsuliyyətli işindən usanmırdı. Bəzən gecəni səhərə qədər oyaq qalır, hansı tapşırığı isə yerinə yetirən Şahini sübhədək gözləyirdi. Çox mehriban dolanırdılar. 
Ta ki...
Fevralın 24-də artıq Xocalı sakinləri bilirdilər ki, şəhərə hücum olacaq. Amma, təbii ki, nəticənin belə olacağını düşünmək mümkünsüz və həm də tez idi. Buna baxmayaraq, imkan olduqca, vertolyotla yaşlıları, qadın və uşaqları şəhərdən çıxarırdılar. Həmin gün ailə üzvlərini vertolyota mindirən Gövhər özü yerdə qalmışdı. Getməyə könlü də yox idi. Şahini od-alovun içində qoyub getmək istəmirdi. 
Gövhər xatırlayır: “Havaya qalxan vertolyotda kimsə “Şahinin yoldaşı qaldı”, – deyə dillənib. Təzədən yerə enməyə məcbur qalan pilot istiqaməti dəyişib. Vertolyotu aşağı tam endirmədilər, qapısını açdılar. İçəridəkilərdən kimsə əl uzatdı və qollarımdan tutub məni qaldırdı. Bizi Ağdama gətirdilər. ­Qaynanam Həvva oğullarını orada qoyub gəlməyə dözəmmədi. Ertəsi gün geri – Xocalıya qayıtdı. Qırğında ailəm pərən-pərən düşdü, məhv oldu”...
1992-ci ilin fevralında amansız çalağan sürüsü kimi Xocalı sakinlərinin başının üstünü alan düşmən əsl vəhşilik törətdi. Ayın 26-na keçən gecə silahlı dəstələrlə şəhərə hücuma keçib, dinc sakinləri gülləbaran etdilər. Onlara bəşər tarixində ən qanlı və amansız faciələrdən birini yaşatdılar: qadın, uşaq, gənc, yaşlı demədən, qarşılarına çıxanı, hətta daldada gizlənəni belə tapıb gülləyə tuş etdilər. Bütün Xocalı ailələri kimi, Gövhərgilin ailəsi də o soyqırımı, o nəsil kəsiminə istiqamətlənmiş terroru gözləri ilə görüb, ürək sızıltısı ilə yaşadı.
Güllə yağışı, BTR-lərin səsi, bədnam qonşuların hay - harayı dinc sakinlərin kömək, imdad diləyən səslərini eşidilməz etmişdi. Kimisi qaçmaq, kimisi harada isə gizlənmək, kimisi də sakitcə oturub ölümünü gözləmək barədə düşünürdü. Ara elə qarışmışdı ki, ağız deyəni qulaq eşitmirdi... Dinc sakinlərin qanına susayan, yaxşı təlimlənmiş düşmən isə bir addımlıqda idi.
Faciənin ertəsi günündən meyitləri Ağdama daşımağa başladılar. Gövhərin 43 yaşlı qaynı David Haqverdiyev Naxçivanik düzündə Əlif Hacıyevlə bir yerdə şəhid oldu. Qayınanasının meyiti meşədə qalmışdı. Həyat yoldaşı Şahinin öldü-qaldısından isə xəbər yox idi.
20 gün baldızıgildə qalan Gövhər gecə-gündüz gözlərini Xocalı yolundan ayırammayıb. 20 gün Ağdam məscidinə meyit daşınıb. “Bu dəfə Şahini mütləq gətirərlər”, – deyə-deyə gözləri yol çəkib, ürəyi qubar bağlayıb. Çünki erməni yaramazlar xəbər göndərirdilər ki, “sizə bir saat icazə veririk, meyitlərinizi götürün”. Fasilələrlə verilən o bir saata nə qədər daşımaq mümkün idisə, onu edirdilər. Bir saat sonra atəş başlayırdı. Allahverdi Bağırovun dəstəsi, xocalılar və ağdamlılar hamısı bu ağır işə çiyin vermişdilər. Gətirilənlərin içindən hərə öz ailə üzvünü tapır və dəfn edirdi. Hamının gözü öz ölüsünü axtarırdı. 30 yaşlı Şahindən isə xəbər çıxmadı ki, çıxmadı. ...Bu qərib eldə Şahin ona bütün doğmalarını əvəz eləmişdi. İndi onun yoxluğuna heç vəchlə inanmaq istəmirdi. Düşünürdü ki, hansısa tapşırığın dalınca gedib və tezliklə dönəcək. Amma Şahin dönmədi. Gövhərin həyata, yaşamağa nə ümidi qalmışdı, nə də inamı.
...Gövhərin digər qaynı Cavanşir Gülablı meşəsinə qədər gəlib çıxa bilir və bir gecə yaralı halda orada qalır. Ertəsi gün Ağdama gələndə artıq ayaqlarını don vurduğundan sonradan barmaqlarını amputasiya etməli olurlar. 23 yaşlı Gövhər oradan İsmayıllıya ata-anasının yanına qayıdır və beləliklə, 3 illik xoşbəxt, hər anını indi göz yaşı ilə xatırladığı ailə həyatına son qoyulur.
Gövhər indi İsmayıllıdan ­Bakıya köçmüş doğmaları ilə bir yerdə Binəqədi rayonunun “Xutor” adlanan ərazisində yaşayır.
Mən ondan “Bəlkə toy şəkillərinizdən, xoşbəxt anlarınızdan fotolarınız qala”, – deyə soruşdum. “Bir canımızdan başqa, nə götürə bildik ki? Bu şəkli də qohumlardan birinin evindən götürmüşdüm”, – deyib kövrəldi.
... Onu da deməyə bilmirəm ki, gənc yaşından tək qalan, elçi düşənlərə birmənalı şəkildə “yox” cavabını verən, Allahın övlad payından da məhrum etdiyi bu xanım o böyük sevginin istisini hələ də qəlbində saxlayır, bir an belə sevdiyi insanı unutmur. Ürəyini ovundurmağa Şahinin qəbrinin olmaması isə başqa ağrılı mövzudur...
 Etiraf etdiyinə görə, Gövhərin qəlbini ovutduğu yeganə yer Xocalı prospektindəki “Ana fəryadı” abidəsində şəhid polis Haqverdiyev Şahin Məşədi oğlunun adı yazılmış lövhədir.
 Cənab Prezidentin imzaladığı humanist fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni şəhid polis zabitinin həyat yoldaşı Gövhər də alacaq. Bu, onun yurd dərdini, şəhidinin faciəsini unutdurmasa da, böyük kömək, dayaqdır. Gövhərin adını həm də dövlət tərəfindən mənzillə təmin ediləcək şəhid ailələrinin siyahısına salıblar. O deyir: “Bilirik ki, müharibə olan dövlətlərdə qan da tökülür, şəhidlər də olur. Kaş ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Onda bizim yanan qəlbimizə su səpilər. Şəhidlərimizin nigaran ruhları rahatlıq tapar”. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

21 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə