Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Balaca Şahzadə”nin premyera tarixi açıqlanıb

“Balaca Şahzadə”nin premyera tarixi açıqlanıb

Azərbaycan Dövlət Musiqili Teatrında premyerası təxirə salınan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa fevralın 28-i və martın 1-də teatrsevərlərin görüşünə gələcək.

Əsərin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 14:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə