Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədxahlarımızın fəallaşmasının əsas səbəbi ölkəmizin hərtərəfli inkişafıdır

Bədxahlarımızın fəallaşmasının əsas səbəbi ölkəmizin hərtərəfli inkişafıdır

Yola saldığımız 2018-ci il də bir sıra nailiyyətlərlə tarixə qovuşdu. Ümumiyyətlə, son illərə nəzər yetirdikdə, bir daha şahidi oluruq ki, dünyanı maliyyə böhranı bürüsə də, Azərbaycanda bütün sahələr üzrə irəliləyiş müşahidə olunur, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi yüksəlir, reallaşdırılan sosialyönümlü layihələrin sayı artır. Bütün bunlar ölkəmizin uğurla, sürətlə inkişaf etməsindən xəbər verir. 

Təbii ki, Azərbaycanın müstəqil dövlət kimi, dünya birliyinə sürətli inteqrasiyası, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, iqtisadi inkişaf yolunda irəliləməsi, sayılıb-seçilən dövlətlər sırasına qoşulması antiazərbaycan qüvvələrin ciddi narahatlığına səbəb olub. Bu uğurları gözü götürməyənlər müxtəlif vasitələrlə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır, yalan və böhtan xarakterli hesabatlar hazırlayırlar. Bununla yanaşı, “sapı özümüzdən olan baltalar”dan da bir alət kimi istifadə edirlər. Avropada özlərini “azərbaycanlı” adlandıran belə satqınlar antiazərbaycan qüvvələrin əlində siyasi alətə çevriliblər. 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım KAZIMOV belələrinə münasibət bildirərkən dedi:
– Son 15 ildə ölkəmizin qazandığı uğurlar təkcə radikal müxalifəti deyil, bu inkişafı gözü götürməyənləri də yandırıb-yaxır. Axı, belələri niyə də yanıb-tökülməsinlər ki, bu müddət ərzində 2 milyona yaxın yeni iş yeri açılıb. Dünya standartlarına uyğun sənaye və istehsal müəssisələri yaradılıb. Son illər işləmək üçün artıq xarici vətəndaşlar da Azərbaycana üz tuturlar. Ölkəmizdə yaradılmış əmin-amanlıq, sabitlik dünyanın heç bir yerində yoxdur. Belə olmasaydı, ən mötəbər beynəlxalq təşkilatlar öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verməzdilər. Hətta NATO-nun və Rusiya Federasiyasının generalları da görüşmək, bəzi məsələləri müzakirə etmək üçün Bakını seçirlər. Bu faktlar Azərbaycanın beynəlxalq aləmdə sayılıb-seçilən ölkə olduğunun bariz nümunəsidir. 
Dövlət başçımızın istər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, istərsə də Gənclər Günü ilə əlaqədar keçirilən toplantıdakı nitqlərində bir daha qeyd olundu ki, ötən dövr ərzində Azərbaycan böyük və şərəfli yol keçərək, bütün sahələrdə uğurlara imza atmışdır. On beş il ərzində iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Bu dövrdə iqtisadiyyat 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Göründüyü kimi, iqtisadi inkişafımız neftin və qazın istehsalı ilə bağlı deyil. Bunlar düşünülmüş islahatların bariz nümunəsidir. Qeyri-neft sektorunun 2,8 dəfə artması da bundan xəbər verir. Bu illər ərzində sənaye, kənd təsərrüfatı, qeyri-neft ixracı dəfələrlə artmışdır.
Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycanın adının qabaqcıl yerlərdə çəkilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə təhlükəsizlik, sabitlik və əmin-amanlığın təmin edilməsi beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsi, dövlət başçısına olan sarsılmaz inamı, xalq-iqtidar birliyidir. Dövlət başçısının da qeyd etdiyi kimi, hər bir soydaşımız, xüsusilə gənclər həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycan xalqının maraqları hər şeydən üstün tutulmalıdır. 
Bu dövrdə respublikamızın beynəlxalq aləmdəki rolunun getdikcə artması da yüksək dəyərləndirilir. Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, mövqeləri möhkəmlənmişdir. Təkcə keçən il möhtərəm Prezidentimiz 16 xarici ölkəyə getmiş və 16 dövlət və hökumət başçısısı isə Azərbyacana gəlmişdir. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla fəaliyyət göstərmişdir. Respublikamız mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanına çevrilmişdir. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə fəaliyyət göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsi, Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətindəki yorulmaz fəaliyyəti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Göründüyü kimi, Azərbaycan artıq dünya birliyində layiqli yerini tuta bilmişdir.

– Son zamanlar ölkəmizdə davamlı olaraq struktur islahatları aparılır, idarəetmədə yeniləşmə həyata keçirilir. Bu islahatlar əhalinin həyat səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin daha da gücləndirilməsinə təsir edəcəkmi?

– İdarəetmədə yeni mərhələyə keçid nəticəsində inkişafa nail olunacaq, insanların həyat səviyyəsi daha da yaxşılaşdırılacaq. Müxtəlif nazirliklər, idarə və müəssisələrdəki struktur islahatları ixtisarsız həyata keçirilir. Yəni dövlət tərəfindən aparılan bu islahatlarda heç kəs öz iş yerini itirmir. Məlumdur ki, bu islahatlar idarəçilik mexanizminin təkmilləşdirilməsinə və daha da yaxşılaşdırılmasına hesablanıb. Digər tərəfdən, dövlət çalışır ki, əhalinin rifah halı yüksəlsin, ölkəmizin iqtisadiyyatı gücləndirilsin, ümumiyyətlə, Azərbaycan elə bir dövlətə çevrilsin ki, burada hər kəs özünü azad, sərbəst və güvəncli hiss etsin. Məhz buna görə də, aztəminatlı ailələrin, doğma yurdlarından didərgin salınmış soydaşlarımızın, şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. 
Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün 102 müasir qəsəbə salınıb. Şəhid ailələri və müharibə əlillərinə bu vaxta qədər 6654 mənzil verilib. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.
Azərbaycanda aparılan siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqı məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzaladığı sərəncam da bu siyasətin davamıdır. Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. 

– Təbii ki, qısa müstəqillik tarixində belə uğurlar qazanmaq hər ölkəyə nəsib olmur. Görünür elə bu səbəbdəndir ki, antiazərbaycan qüvvələr ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrinə əl atırlar… 

– Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu günlərdə dərc olunan “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində antimilli ünsürlərə layiqli cavab verilib. 
Xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürə satqın demək daha çox yerinə düşərdi. Belə xəyanətkarlar özləri üçün bu yolu seçiblər: Onlar ağalarının verdikləri tapşırıqları yerinə yetirməklə azərbaycanlı adına ləkə gətirirlər. Bir qrup xəyanətkarı ətrafına toplayan AXCP sədri Əli Kərimli bu uğurlara kölgə salmaq üçün min bir oyundan çıxır, Avropanın müxtəlif ölkələrinə sığınmış antiazərbaycançı şəbəkənin “fəalları” – Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid və başqaları ölkəmizi gözü götürməyənlərə “faktlar” ötürərək, getdikcə artan nüfuzumuza xələl gətirməyə çalışırlar. Siyasi mübarizədə və fəaliyyətdə təhqirə yol verilməsi paxıllıqdan və gözü götürməzlikdən irəli gəlir. Ölkəmizin inkişafı, dünya birliyinə sürətlə inteqrasiyası belə xəyanətkarları hələ çox yandırıb-­yaxacaq.
Müstəqilliyimizin əbədiliyini qorumaq, ölkəni daha da inkişaf etdirmək yolunda uğur qazandıqca yalan, iftira, böhtan, təzyiq və təhdidlərin olması da qaçılmazdır. Ancaq bunların heç biri bizi amalımızdan döndərə bilməyəcək. 

 

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

20 2019 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə