Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında mühüm fərman imzalayıb

Azərbaycan Prezidenti bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında mühüm fərman imzalayıb

Azərbaycanın müstəqilliyi dövründə iqtisadiyyatımızın sürətlə inkişaf edən sahələrindən biri də tikinti sektorudur. Son illərdə ölkədə, əsasən də Bakı şəhərində yüzlərlə yeni çoxmərtəbəli bina inşa edilib. Amma onların heç də hamısı müvafiq standartlara uyğun şəkildə tikilməyib, üstəlik, bəzi binaların sənədləşmə məsələsində də ciddi problemləri olub. Həmin binaları tikən sahibkarlar məsuliyyətsizlik üzündən sakinləri on illərlə ağır, həllolunmaz problemlə baş-başa buraxıblar. 
İndi bu problemlər üzə çıxıb və dövlət səviyyəsində yanaşma tələb edib. Nəticədə məsələyə Azərbaycan ­Prezidenti İlham Əliyev qarışmalı olub və əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yaxşılaşdırılması məqsədilə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda qeyd edilir ki, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən, inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Ancaq indiyədək inşa olunmuş bir çox yaşayış binalarında bəzi işlər müvafiq qanunvericiliyin tələblərinə tam uyğun olmayaraq aparılıb, bu səbəbdən də onların istismarı zamanı Azərbaycan vətəndaşları problemlərlə qarşılaşırlar. Son nəticədə isə həmin binaların rəsmiləşdirilməsi mümkün olmur. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti insanlarımızın həyat şəraitini və yaşayış səviyyəsini yüksəltmək məqsədilə növbəti humanist addımını atıb. 
Fərmanda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də əlaqədar yerli icra hakimiyyəti orqanları 2019-cu il yanvarın 1-dək tikilmiş çoxmənzilli binaları müayinədən keçirərək, öz rəylərini versinlər və göstərilən konkret müddətdə buraxılmış səhvlər, çatışmazlıqlar aradan qaldırılsın. “Azərsu” və “Azərişıq” ASC-lər, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi isə həmin binaların su, işıq və qazla təchizatı istiqamətində üzərlərinə düşən vəzifələri icra edəcəklər. 
Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin yaşayışını asanlaşdırmaq üçün atdığı növbəti humanist addımdır. Ancaq bu çoxillik, həllolunmaz şəkildə qalmış problem indiyədək nə üçün əlaqədar təşkilat və idarələr tərəfindən aradan qaldırılmayıb? Niyə ölkədəki bütün problemlər məhz Prezidentin müdaxiləsindən sonra həll olunmalıdır? Dövlət başçısı indiyədək yığılıb qalmış bir çox problem kimi, bu məsələyə də əncam çəkdi. Əlbəttə, bundan sonra da Prezident öz humanistliyini göstərəcək. Yəqin ki, Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Amma əlaqədar təşkilatlar da hərəkətə gəlməli, vətəndaşları narahat edən məsələlərin həlli ilə ciddi məşğul olmalıdırlar. 

Ələşrəf NİFTİYEV, 
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

20 2019 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin