Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin Azərbaycanın tolerantlıq modeli ilə əyani tanışlıq, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi baxımından önəmini qeyd edib.
Sonra layihə iştirakçıları ölkəmizdəki multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, eyni zamanda, Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar. Mübariz Qurbanlı bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. 
Azərbaycanda 32-si qeyri-İslam olmaqla 909 dini qurumun dövlət qeydiyyatına alındığını deyən sədr bildirib ki, ölkəmizdə bütün dinlərin mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün lazımi tədbirlər görülür. Azərbaycanda 14 kilsə, 7 sinaqoqla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan Dövlət Komitəsinin sədri bu prosesdə fəal iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.
Görüşdə Azərbaycan həqiqətlərindən söz açan Mübariz Qurbanlı Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirdiyini, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxladığını vurğulayıb.
Daha sonra Qış Məktəbinin müxtəlif ölkələrdən olan tələbələrinin sualları cavablandırılıb və onlara Dövlət Komitəsinin işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz, o cümlədən ölkəmizdəki dinlərarası harmoniya barədə ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

20 2019 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin