Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzMİU-da karyera sərgisi

AzMİU-da karyera sərgisi

Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə ilk dəfə olaraq tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə uğurlu əməkdaşlıq edən qabaqcıl şirkətlərin nümayəndələri iştirak ediblər. 
Tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də kömək göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisələr  tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yeri təklif edib.
Ölkənin aparıcı şirkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR,  “Azərişıq”, “Bakı Metropoliteni”, “Azərsu” ­ASC-lər, “Zaferoğlu İnşaat” MMC,  “Embawood” MMC,  “Holcim”,  Mətanət-A şirkəti, Azərsun  Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, “Təmiz Şəhər” ASC, Gilan Holding, Akkord, Azercell,  eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb. 
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova karyera sərgisini açıq elan edərək, sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da ilk dəfə keçirilən  sərginin tələbə və məzunlara karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb: “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri  qoşulub. Bu, çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq, onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.
Rektor AzMİU-da karyera və strateji  planlaşdırma şöbələrinin fəaliyyət göstərdiyini və tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini  bildirib.
1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara “CV”-lərini təqdim ediblər. 
Qeyd edək ki, karyera sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər. 

“Xalq qəzeti”

20 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin