Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlaxlılar ötən ili uğurla başa vurmuşlar

Yevlaxlılar ötən ili uğurla başa vurmuşlar

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında ­Şuranın ­geniş iclasında 2018-ci ilin sosial-iqtisadi yekunları müzakirə olundu, cari ildə qarşıda duran vəzifələri əhatə edən müvafiq tədbirlər müəyyənləşdirildi.
Toplantını giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Nazirlər Kabinetinin illik iclasında Prezident İlham Əliyevin proqram səciyyəli nitqində əksini tapmış önəmli məsələlər barədə iştirakçılara ətraflı məlumat verdi, dövlət başçısının tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri şərh etdi. 
Sonra Yevlax ŞİH-in 2018-ci ilin sosial-iqtisadi inkişafı barədə hesabat məruzəsi ilə çıxış edən başçı bildirdi ki, Prezident İlham Əliyevin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, ötən ildə də şəhərin və rayonun hərtərəfli inkişafına yönələn hədəflərin gerçəkləşdirilməsi üçün bütün qüvvələri səfərbərliyə almış, əksər sahələrdə üstün göstəricilərə nail olmuşlar. Keçən il də genişmiqyaslı tikinti, quruculuq, abadlıq işləri davam etdirilmiş, istehsal sahələrinin inkişafı təmin edilmişdir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirilmişdir.
Məruzədə göstərildi ki, 2018-ci ildə ümumi daxili məhsulun həcmi 667,3 milyon manat olmuşdur. Bu da ­2017-ci ildəkindən 9,4 milyon manat və ya 1,4 faiz çoxdur. ÜDM-in 90,4 faizi qeyri-dövlət sektorunda istehsal olunmuş, 10,1 milyon manatlığını sənaye, 93,1 milyon manatlığını kənd təsərrüfatı məhsulları, 53,7 milyon manatlığını tikinti-quraşdırma işləri, 423,7 milyon manatlığını ticarət, 6,3 milyon manatlığını nəqliyyat, 1,4 milyon manatlığını rabitə xidmətləri təşkil etmişdir. 
Adambaşına 5,2 min manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 39,9 manat və ya 0,8 faiz çoxdur. Orta aylıq əməkhaqqı isə 304,2 manata çatmış və əvvəlki ilə nisbətən 36,7 manat artmışdır. 2018-ci ildə 1869 yeni iş yeri açılmışdır. Bunun 838-i daimidir. ­2003-cü ilin oktyabr ayından isə Yevlaxda 24 mindən çox iş yeri yaradılmışdır ki, bunun da 15 mini daimidir. 
2018-ci ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 69 milyon 152 min manat olmuşdur. İl ərzində Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin tikintisi başa çatdırılmışdır. Mingeçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran-Yevlax-Bərdə yolunadək olan hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu və Bakı-Ələt-Qazax avtomobil yolu uzərindəki körpü, 31-ci məhəllədə 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir. Şəhər 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülmüşdür. 
Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 11 saylı Ərazi Vergilər Departamentinin, 9 mərtəbəli 45 mənzilli yaşayış binalarının, Data mərkəzinin tikintisi aparılır. Rayonun 12 kəndində ­meliorasiya işləri davam etdirilir. Bu sahəyə 11,9 milyon manat vəsait yönəldilmişdir. Elektron kitabxanada, Şəhər Yaradıcılıq Mərkəzinin binasında təmir işləri aparılmış, Mədəniyyət Mərkəzinin dam örtüyü əsaslı təmir olunmuşdur. Hazırda Aran qəsəbəsinin Mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri aparılır. 
Keçən mövsümdə kənd təsərrüfatı məhsulları istehsalı 8 faiz artmışdır. 2, 5 min hektarda pambıq, 11,6 min hektarda taxıl, 2,9 min hektarda təzə yonca, 100 hektarda tərəvəz əkilmişdir. Hektarın məhsuldarlığını 21,2 sentnerə çatdıran pambıqçılar 5,3 min tona yaxın məhsul toplamışlar. Fermerlərə 3,9 min ton güzəştli qiymətə mineral gübrə satılmışdır. Sahibkarlığa Kömək Milli Fondu 26 sahibkara 4,7 milyon manat güzəştli kredit vermişdir.
Son bir ildə iri mal 67 min 626, qoyun-keçi 172 min 719, ev quşları 455 min 595 başa çatmışdır. 9 min ton ət, 36,6 min ton süd, 16,9 milyon ədəd yumurta və 340,6 ton yun istehsal olunmuşdur. Keçən il 2017-ci ildəkindən 2 dəfə çox – 11 ton barama istehsal olunmuşdur.
Toplantıda bildirilmişdir ki, hazırda müasir tələblərə cavab verən 3 min başlıq cins mal-qara kompleksinin tikintisi üçün layihə işləri aparılır. Aqroparkda müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur. Aran qəsəbəsi ərazisində gücü sutkada 12 min ton olan şəkər zavodunun tikintisi üçün sənədləşmə işləri aparılır. Şəkər çuğunduru əkilməsi üçün 2 min hektar əkin sahəsi ayrılmışdır. Yuxarı Qarabağ kanalından həmin əraziyə 16 kilometrlik yeni xəttin çəkilməsi və 2 min hektar ərazidə müasir suvarma sisteminin quraşdırılması layihələndirilir. 
2018-ci ildə Yevlax şəhərində və yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, su, qaz, istilik təchizatı daim nəzarətdə saxlanılmış, xidmətin səviyyəsi yüksəlmişdir. 50 yaşayış məntəqəsindən 45-i qazlaşdırılmışdır. Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə humanitar sahələrin normal fəaliyyəti təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və Milli Məclisin deputatı İlham Məmmədov yığıncaqda çıxış etmiş, 2019-cu ildə yevlaxlılara daha böyük uğurlar arzulamışlar.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə