Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabad: ildən-ilə uğurlar artır

Sabirabad:  ildən-ilə uğurlar artır

Sabirabad Rayon İcra Hakimiyyətinin 2018-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. 
RİH başçısı qeyd etmişdir ki, ­2018-ci ilin ən böyük tarixi hadisəsi aprel ayının 11-də keçirilən prezident seçkiləri olmuşdur. Həmin seçkidə Azərbaycan xalqının mütləq əksəriyyətinin səsi ilə ulu öndər Heydər Əliyevin alternativsiz davamçısı cənab İlham Əliyev yeddi il müddətinə ölkənin başçısı seçilmişdir. Ümummilli liderin ideyalarına daim sadiq olan sabirabadlılar prezident seçkilərində fəallıqları ilə seçilmiş, siyasi kampaniyada iştirak edənlər yekdilliklə cənab İlham Əliyevə səs vermişlər. 
N.İsmayılov sonra bildirmişdir ki, keçən il respublikanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da bütün sahələrdə uğurlar qazanılmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Rayonda kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi üçün icra hakimiyyətinin bilavasitə dəstəyi ilə yerli investorların cəlb edilməsi hesabına rayonda ümumi layihə gücü 45 milyon manat olan müxtəlif təyinatlı müəssisələr tikilmişdir.
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 21 layihənin icrası üçün 941 min manat güzəştli kredit verilmiş, Nizami kəndində “Muğan” quşçuluq fabriki, Nərimankənd, Salmanlı, Həşimxanlı, Məmişlər kəndlərində istixana kompleksi, Hacıbəbir kəndində heyvandarlıq kompleksi, ədviyyat istehsalı müəssisəsi və digər istehsal, ticarət, xidmət obyektləri istifadəyə verilmiş, bu işlərin görülməsi hesabına 419 yeni iş yeri açılmışdır. 
Ölkə Prezidentinin tapşırığı əsasında 12600 nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini əhatə edən 43 kilometr uzunluğunda Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan, 18 kilometr uzunluğunda Surra-Padar avtomobil yollarının tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. 
Rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli, Çöl Beşdəli və Çöl Ağaməmmədli kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının tikintisi tamamlanmaqla 11498 hektar əkin sahəsinin suvarma probleminə, beləliklə də həmin kəndlərdə yaşayan əhalinin narahatlığına birdəfəlik son qoyulmuşdur. 
Hesabat məruzəsində və məruzə ətrafında çıxışlarda qeyd olunmuşdur ki, 2018-ci ildə əvvəlki illə müqayisədə ümumdaxili məhsul artmış, sənaye məhsulunun həcmi 11091,6 min manatdan 11120,1 min manata çatmışdır. Həmin dövrdə əsas kapitala yönəldilmiş investisiya 2 dəfə, tikinti işlərinin həcmi 65,3 faiz, rabitə xidmətinin həcmi 14,7 faiz, pərakəndə ticarət dövriyyəsi 7,9 faiz artmışdır. İqtisadiyyatın dinamik inkişafı nəticəsində üç ildir ki, rayon dövlətdən heç bir dotasiya almadan özünü maliyyələşdirir. Hesabat dövründə 866 daimi iş yeri açılmış, mövsümü işlərlə birlikdə 2018-ci ildə 23801 nəfər işlə təmin olunmuşdur.
Bunun nəticəsidir ki, rayon üzrə 2018-ci ildə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 5,5 faiz artmışdır. 2018-ci ildə rayonda 97,093 ton taxıl istehsal edilmişdir ki, bunun 61,925 tonu buğda, 35,168 tonu isə arpa olmuşdur. Hər hektardan ümumi məhsuldarlıq 39,4 sentner, ­buğdanın məhsuldarlığı isə hər hektardan 40,7 sentner təşkil etməklə 2017-ci illə müqayisədə taxıl istehsalı 1373 ton çox artmışdır. 
Rayon üzrə 2015-ci illə müqayisədə keçən ildə pambıq istehsalı 9,3 dəfə artaraq 17300 ton təşkil etsə də, bəzi səbəblərdən məhsuldarlıq rayon üzrə hər hektardan 13,25 sentner və ya 2017-ci ildəkindən cəmi 1,2 sentner çox olmuşdur.
Yığıncaqda Azəbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev iştirak etmişlər. 
Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar və Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə