Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabad: Fərəh doğuran uğurlar

Cəlilabad: Fərəh doğuran uğurlar

Dağlı-aranlı böyük ərazisi ilə öyünə bilən Cəlilabadda iqtisadiyyat sürətlə inkişaf edir, abadlıq-quruculuq işləri davamlı şəkildə aparılır. Dövlət müstəqilliyimizin nailiyyətlərindən yetərincə bəhrələnən bu rayonun sosial-iqtisadi ­durumu fərəh doğurur. 
Ötən ilin yekunlarına həsr olunan yığıncaqda qazanılmış uğurlar diqqətə çatdırılmaqla bərabər, qarşıda duran vəzifələrdən də ətraflı bəhs edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, bütövlükdə il Cəlilabad üçün də əlamətdar olub. Rayonda ümumi məhsulun həcmi 85 faiz artıb, 267 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bunun 131 milyon manatı və ya 49,2 faizi bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür. Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm, 7,5 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub. Rayonun əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Sahələrdən 110,6 min ton yüksək keyfiyyətli kartof istehsal edilib ki, bunun da 80 faizi xarici ölkələrə ixrac olunub. Ötən il Cəlilabadda 505 hektar sahədə əkilmiş pambığın hər hektarından 28 sentner məhsul götürülüb: cəmi 1446 ton. Bu, respublika üzrə ən yüksək rəqəmdir. Rayonda baramaçılığın inkişafı məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 6000 ədəd tut tingi əkilmişdir. İl ərzində kümçülər 1172 kiloqram yaş barama istehsal edərək qəbul məntəqəsinə təhvil veriblər. Rayonda 23,7 min ton ət, 70,5 min ton süd, 39,8 milyon ədəd yumurta istehsal edilib, “Cəlilabad-broyler” ASC tərəfindən əhaliyə 3750 ton yüksək keyfiyyətli quş əti satılıb. 
Diqqətə çatdırılıb ki, ötən il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Cəlilabad şəhərində ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki hasarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işıq dirəyi əsaslı təmir olunub. Cəlilabad şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanıb və qısa müddət ərzində Cavadxan, Mehdi Hüseyn, Azərtürk, Mirzəli Hüseynzadə, Fərid Əhmədov, Qüdrət İsmayılov və 28 May küçələrində cəmi 14,5 kilometr asfalt döşənib. Ötən il istifadəyə verilmiş müasir Ələt-Astara magistralına çıxan 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolu yenidən qurulub. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanıb. Yaxın vaxtlarda Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşənəcək, Uzuntəpə kəndində xalça istehsalı emalatxanası tikiləcək. 
Ötən il rayonda 8046 iş yeri açılıb. Bunun 756-sı daimi iş yerləridir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində nəzərəçarpan uğurlar qazanılıb, xidmət səviyyəsi yüksəlib. Rayonun 5 kəndində modul tipli məktəblərin inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 10 kənddə isə modul tipli məktəblərin tikilməsi nəzərdə tutulub. 
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən həvəslə danışaraq rayonun yeni rəhbərliyinin quruculuq səylərini yüksək qiymətləndiriblər. Mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. 
Toplantıda çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev dövlətimizin beynəlxalq və iqtisadi-sosial siyasətinin mühüm aspektlərinə diqqəti cəlb ediblər. Natiqlər ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişaf sahəsində görülən işləri yüksək dəyərləndirməklə bərabər, qarşıda duran vəzifələrdən danışıblar. 
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 23:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin