Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası ­Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası ­Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan ­Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan ­Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin;
5.2. həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.
6. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri dövlət borcalmaları, dövlət zəmanəti ilə borcalmalar və dövlət zəmanəti olmadan borcalmalarla əlaqədar fəaliyyətdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın müddəalarını rəhbər tutsunlar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2018-ci il

 

25 2018 00:20 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə