Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizim həyət” layihəsi uğurla icra olunur

“Bizim həyət” layihəsi uğurla icra olunur

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi Nizami rayonunda da uğurla davam etdirilir. Layihə çərçivəsində abadlaşdırılan həyətlərin sayı getdikcə artır. Bu günlərdə abadlaşdırılmış həyətlərin daha biri sakinlərin ixtiyarına verilib. Növbəti yenilənmiş həyət rayonun Bəhruz Nuriyev küçəsi 39, 41, 46, 51, 53, 55, 55/57, 57 ünvanlarında 2500 nəfərə yaxın sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.
Məlum olduğu kimi, “Bizim həyət” layihəsinin əsas məqsədi Bakının ətraf kənd və qəsəbələrindəki həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. 
Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti xüsusilə diqqət mərkəzində saxlanılıb. Bununla yanaşı, bütün yaş qrupları üzrə uşaqların oynaması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məqsədlə ərazidə 2 mini-futbol meydançası, 2 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün döşəməsinə xüsusi örtük çəkilmiş əyləncə mərkəzi, 14 yerdə söhbətgah quraşdırılıb və oturacaqlar qoyulub. 
Sakinləri daha çox narahat edən problemlərin həlli qarşıya qoyulan əsas vəzifələrdəndir. Onların istək və təklifləri nəzərə alınaraq, abadlaşdırılan həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 800 kvadratmetr yaşıllıq zolağı salınıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları da quraşdırılıb.
Bununla da, layihə çərçivəsində Nizami rayonunda abadlaşdırılan həyətlərin sayı 16-ya çatdırılıb. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

19 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin