Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PREZİDENT İLHAM ƏLİYEV: Bundan sonra da ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir

PREZİDENT İLHAM ƏLİYEV: Bundan sonra da ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri də yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.
Sənayeləşmə siyasəti hazırda uğurla davam etdirilir. Yeni müəssisələr yaradılır, fəaliyyətdə olan istehsal sahələri genişləndirilir. Dövlətimizin başçısı  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı deyib: “Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti”. 
Prezident İlham Əliyevin fevralın 18-də iştirak etdiyi yüksəksıxlıqlı polietilen zavodunun açılışı mərasimində də bu barədə ətraflı danışılıb. Bildirilib ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. Ötən il iyulun 18-də Azərbaycan Prezidentinin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində qurulan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Daxili bazarın tələbatı tam ödəniləndən sonra   məhsulun izafi qalan 75 faizi  Türkiyə və Avropa bazarlarına ixrac olunacaq.
Prezident İlham Əliyev zavodun açılışı mərasimində çıxış edərək diqqətə çatdırıb ki, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır: “Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir”.
Bütün bunlar təsdiqləyir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması mühüm önəm daşıyır. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılması və bu istiqamətdə mühüm tədbirlərin  davam etdirilməsi də bunun bariz ifadəsidir.

 

Xalq-iqtidar vəhdəti sarsılmazdır


Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda sakinlərlə görüşü xalq-iqtidar birliyinin əyani təzahürü idi. Xatırladaq ki, dövlətimizin başçısının Azərbaycana rəhbərlik etdiyi son 15 ildən artıq bir müddətdə möhtəşəm tərəqqi yolu keçən ölkəmizdə dövlətçilik daha da inkişaf edib, respublikamızın siyasi və iqtisadi müstəqilliyi möhkəmlənib, dünyada liberal prinsiplərə əsaslanan iqtisadi model yaradılıb və bi, uğurla gerçəkləşdirilib. Eyni zamanda,  Azərbaycanın qlobal miqyasda nüfuzu yüksəlib, əhalinin sosial rifahı getdikcə yaxşılaşıb. Bir sözlə, ulu öndər Heydər Əliyevin ideyaları layiqincə həyata keçirilib. Hazırda ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin nüfuzlu iştirakçısına, beynəxalq tədbirlər məkanına çevrilib. 
Bütün bunlar isə xalq-iqtidar birliyi sayəsində əldə olunub. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu amil hazırda  Azərbaycanı qüdrətli dövlətə çevirib, respublikamız dünya miqyasında layiqli yer tuta bilib, dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkə kimi tanıdıb.
Son 15 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, əldə edilən uğurlar barədə daha aydın təsəvvür yaranar. Belə ki, ötən müddətdə ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə yüksəlib, valyuta ehtiyatları 24 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb artıb. Eyni zamanda,  3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib,  44 olimpiya mərkəzi yaradılıb,  güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.
Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə müsbət təsir göstərən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, dövlət başçısı tərəfindən mühüm fərman və sərəncamların imzalanması da mühüm önəm daşıyıb. Bu baxımdan dövlət başçımızın dediyi kimi, ötən illər ərzində  Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb. Çünki dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanıb. Eyni zamanda, əsas strateji məqsəd, hədəf ölkəmizi daha da gücləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirmək olub.
Ümumiyyətlə,  qeyd edilənlər onu göstərir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Cənab Prezidentin dediyi kimi, “bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”.
Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda sakinlərlə görüşündə də ölkədə vətəndaşların rifah halının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin  həyata keçirildiyi, insanların qarşılaşdıqları problemlərin həllinə mühüm önəm verildiyi xüsusi vurğulanıb. Dövlətimizin başçısı çıxışında deyib: “ Qazlaşdırma - burada qazla problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin”.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyini də daim diqqət mərkəzində saxlayır. Respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bunun bariz ifadəsidir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

19 2019 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə