Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rənglərin və daşların qan yaddaşı

Rənglərin və daşların qan yaddaşı

Hər dəfə Xocalı soyqırımı hadisələrinə həsr olunmuş rəsm və heykəltəraşlıq əsərlərinin qarşısında dayananda istər-istəməz bir sual məni çox düşündürür: Görəsən, bu əsərlərin müəllifləri onların üzərində işləyərkən keçirdikləri hisslərə necə tab gətirirlər? Ağırdır, bu faciəni sənətə gətirmək. Mən rəssamların çoxu ilə bu mövzuda söhbətlər etmişəm. Deyirlər, belə əsərləri tamamlayana qədər bütün varlığın sarsılır. Gecələr gözünə yuxu da gəlmir. Bilmirsən, əsərinə kimi qəhrəman seçəsən, qocanımı, qadınımı, uşağımı. Çünki Xocalının şəhidləri arasında əksəriyyəti elə onlardır. 
Bəli, rəssamlarımızın əsərlərində onların ruhu yaşayır. Bu tablolarda onlar təxəyyüllərində canlandırdıqları Xocalı faciəsinin bədii mənzərəsini yaradıblar. Rənglər başqa olsa da, məzmun və ideya məlumdur. Bu xalqın övladları günahsız qurbanlar oldular. Bu gün rəssamlarımızın yüzlərlə əsərlərində Xocalı soyqırımının ürək dağlayan motivləri var. 
İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın həmin mövzuda silsilə işlərini, xüsusilə “Xocalı” əsərini qeyd etməliyik. Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.
Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuş “Bax, gör, unutma!” qrafik silsiləsində şahidlərin xatirələri əsasında yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.
Rəssamlardan Mayis Əliyevin “Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, Abdulla Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədovun “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun “Torpağın harayı” və “O qan yerdə qalmaz”, Vüqar Quliyevin “Sönmüş ocaq” və s. əsərlərində faciənin ayrı-ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli bədii-psixoloji qaynağa çevrilmişlər.
Mərhum fırça ustası Nazim Məmmədov (1934-2004) ağır xəstə olmasına baxmayaraq, Xocalı faciəsinə dərhal və davamlı münasibət bildirən sənətkarlarımızdan olub. Yadımdadır 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində onun fərdi sərgisi keçirildi. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada rəssamın 50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi. “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər! Bizi xilas edin!” və s. lövhələri insanları duyğulandıran həmin sərginin məna-məzmununu əks etdirən və erməni vəhşiliyini ifşa edən nümunələr idi. Rəssam sərgidən sonra faciənin ən önəmli məqamlarını özündə əks etdirən bütün əsərləri muzeyə hədiyyə etdi. Öz yaradıcılığında Qarabağ müharibəsinin bədiiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq əsərlərində də hadisəyə real-rəmzi münasibət duyulmaqdadır.
Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə”, “Qaçan qadınlar” və Telman Abbasovun “Ana harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.
Rəhman Şıxəliyevin “Şəhər dramı”, İsmayıl İsmayılovun “Mübariz”, Dadaş Məmmədovun “Xocalı soyqırımı”, Bayram Qasımxanlının “Təcavüz” və “Faciələrimiz”, Etibar Aslanovun “Şəhərin son günü” və Vüqar İsmayılovun “Xocalı faciəsi” lövhələrinin leytmotivində isə baş vermiş dəhşətli hadisənin ölçüyəgəlməz miqyasını göstərmək istəyi duyulur.. Belə əsərləri yaratmaq isə hər rəssam üçün öz sənətkarlığını nümayiş etdirməkdən çox, özünün həm də “vətən daşı” olduğunu sərgiləmək imkanıdır.
1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Bakıdakı Xocalı faciəsi abidəsi xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən sənət əsəridir. Özündə ana kədərini əks etdirən bu tunc heykəlin müəllifi tanınmış tişə ustası Aslan Rüstəmovdur. 
 Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına həsr etdikləri digər yaddaqalan sənət nümunələri sırasında Xalq rəssamı Fuad Salayevin “Döyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərinin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib. Fuad Cəfərovun “Ağrı”, Zakir Əhmədovun “Xocalısız qocalar” və Natiq Əliyevin “Yaralı” kompozisiyalarında isə daha çox obrazların psixoloji yaşantıları qabardılıb.
Bir sıra xarici ölkələrdə də Xocalı soyqırımına abidələr ucaldılmışdır. Hollandiyada, Almaniyada, Meksikada, Türkiyənin bir neçə şəhərində belə abidələr var.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

19 2019 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə