Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə sabitlik istəyən vətəndaşlarımız müxalifətin çağırışlarına məhəl qoymayacaqlar

Ölkədə sabitlik istəyən vətəndaşlarımız müxalifətin çağırışlarına məhəl qoymayacaqlar

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məqaləsi ölkədəki ictimai-siyasi durumu dəyərləndirmək baxımından böyük maraq doğurur. 
Ölkəmizdə hamı yaxşı bilir ki, Azərbaycan hüquqi dövlətdir və burada istənilən vətəndaşın, o cümlədən də müxalif fikirli insanların özünü ifadə etməsi üçün hər cür şərait mövcuddur. Öz fikirlərini ifadə etməyin yollarından biri də mitinqlər və küçə yürüşləridir. Əlbəttə ki, müxalifət mitinq elan etməyə hüququ olan bir kəsimdir. Lakin ölkədə hansısa siyasi proseslərin getmədiyi, ümumiyyətlə, hansısa siyasi kampaniyaların aparılmadığı bir vaxtda hər dəfə mitinq elan edib narahatlıq yaratmasını, əlbəttə ki, anlamaq çətindir. 
Bundan əlavə, Azərbaycanda elə bir sabit sistem qurulub ki, bu ölkədə istənilən şəxs özünü güvənli hiss edir. Yəni burada sabitlik hər şeydən öndə gəlir. Belə bir şəraitdə mitinqlər, küçə yürüşləri keçirərək, ümumiyyətlə nümayişkəranə şəkildə radikal addımlar atmaqla bu sabitliyi pozmaq olmaz. Bu baxımdan həmin adamların nə etmək istədiklərini anlamaq bir tərəfdən çətindir, digər tərəfdən isə asandır. Ona görə ki, o adamlar həqiqətən də özlərinin tükəndiklərinin fərqindədirlər. Yəni bilirlər ki, ictimai rəydə yoxdurlar və cəmiyyət artıq onları çoxdan unudub. Azərbaycan siyasi hakimiyyəti ölkədə elə bir şərait yaradıb ki, insanlar azad şəkildə seçim edib öz siyasi mövqelərini müəyyənləşdirə biliblər. Belə bir şəraitdə o adamların, xüsusən də ictimai rəylə manipulyasiya edən şəxslərin unudulması təbiidir. Onlar unudulmaqlarını həzm edə bilmirlər. Ona görə də bu və ya digər şəkildə gündəmdə qalmaq üçün dəxli olmadan belə siyasi aksiyaların anonsunu verirlər. Əlbəttə ki, Azərbaycan cəmiyyəti bunların kimliyini bilir və ölkəmizi Suriyaya, İraqa çevirmək istəyənlərin əsl məqsədlərini hər kəs yaxşı anlayır. 
İnanıram ki, professor Əli Həsənovun məqaləsi ilə tanış olan hər kəs müxalifətin çağırışlarının hansı məqsədlərə xidmət etdiyini yaxşı anlayacaq və ölkədə sabitlik istəyən vətəndaşlarımız bu çağırışlara məhəl qoymayacaqlar. 

 

İbrahimxəlil İBRAHİMOV, 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti  

 

19 2019 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin