Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifətçiliyi düşmənçiliyə çevirmək xəyanətkarlıqdır

Müxalifətçiliyi düşmənçiliyə çevirmək xəyanətkarlıqdır

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra – 1993-cü ilin ikinci yarısından başlayaraq, hüquqi dövlət quruculuğu prosesində nümunə sayıla biləcək bir yol keçib və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıb. Cəmiyyət həyatının bütün sahələrində demokratik dəyər və prinsiplərin bərqərar olması ölkə qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Əsası möhkəm təməllər üzərində qoyulan demokratik təsisatlar, beynəlxalq institutlar son 15 ildə daha da inkişaf etdirilib. 

Ölkəmizdə bütün azadlıqların təmin edilməsi, insanların öz fikirlərini sərbəst ifadə etmələri, müstəqil mətbuatın fəaliyyəti, azad, ədalətli seçkilərin keçirilməsi, yetişən gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şərait yüksək dəyərləndirilir. Ancaq demokratiyanı anarxiya kimi dərk edən, öz antimilli hərəkətləri ilə müxalifət adına ləkə vuran bir qrup xəyanətkar ölkədə çaşqınlıq, qarşıdurma yaratmaq üçün min bir oyundan çıxır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Müxalfətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində bu barədə ətraflı məlumat verilir.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi, son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici antiazərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr qrant hesabına hər şeyini qurban verməyə hazır olan xəyanətkarları, həmçinin ölkəmizin daxilindəki “beşinci kolon”u, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar.
Müəllif qeyd edir ki, Əli Kərimlinin xaricdəki internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Dövlət rəsmisi qeyd edir ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır.
Ə.Kərimli gənclərin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsindən ciddi narahatlıq keçirdiyini ört-basdır edə bilmir. Atrıq yetişən gənc nəsil onun yalan vədlərindən təngə gəlib. Ə.Kərimlinin aldadıb yoldan çıxardığı gənclərdən bir vasitə kimi istifadə edərək öz antimilli niyyətlərini reallaşdırmağa cəhd etməsi hər birimizin yaddaşındadır. Bir neçə il bundan əvvəl onun tapşırığı ilə Tbilisidə ermənilərlə görüşən bir gəncin sonrakı acı taleyi yaddaşlardan silinməyib. 
Məqalədə, həmçinin respublikamızın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu günə qədər AXCP sədrinin antimilli fəaliyyətindən bəhs olunur: “Azərbaycanın müstəqil bir dövlət kimi öz əzələlərini möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərincə təlatümlü keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir”.
Öz maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutan bu xəyanətkar qrup dövlət müstəqilliyimizin bərpasından bu günə qədər daim “maliyyəni verən musiqini də sifariş edər” – devizi ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də çəkinməyiblər. Sonra isə qazandıqları “təcrübəni” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar. Hazırda Ə.Kərimli və ətrafı milli dəyər, məfkurə və müqəddəratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmağa cəhd edirlər.
Əli Kərimli və ətrafı bu gün cəmiyyətdə müxalifətçiliyi düşmənçiliyə çevirən xəyanətkar kimi qəbul edilir. Antimilli qruplar unutmamalıdırlar ki, heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan lideri yolundan döndərə bilməz.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

19 2019 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə