Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib

ATU-da 100 yaşlı kafedranın yeni tədris və elm mərkəzi açılıb. Səhiyyə naziri Oqtay Şirəliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni Tədris Mərkəzinin açılışı olub. Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

Nazir O. Şirəliyevə yeni Tədris Mərkəzinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə yeni layihə əsasında yenidən qurularaq innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgilərini daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb.

Yeni Tədris Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən səhiyyə naziri Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük əhəmiyyət daşıdığını bildirdi. İnsan anatomiyası kafedrasının Azərbaycan Tibb Universitetinin ən əsas və qocaman kafedrası olduğunu qeyd edən cənab nazir tələbələlik illərindəki xatirələrini bölüşərək müasir dövrdə tibb təhsili sahəsindəki ciddi irəliləyişlərdən də danışdı.

Rektor professor Gəray Gəraybəyli yeni Tədris Mərkəzi, o cümlədən ümumiyyətlə Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə cənab nazir və mərasim iştirakçılarına ətraflı məlumat verdi. 

Daha sonra ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni Tədris Mərkəzinin planları haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycandakı tədris müəssisələrində yalnız bu Tədris Mərkəzində kremasiya sobası yerləşir. Əsasən aşağı kurs tələbələri üçün nəzərdə tutulan tədris Mərkəzindən həm də Tələbə Elmi Cəmiyyətinin xəttilə elmi iş işləyən gənclər və rezidentlər də istifadə edə bilərlər.

Qeyd edək ki, 2019-cu il fevral ayının 18-də Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illiyi tamam olur. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan Tibb fakültəsi nəzdində yaradılıb. 1930-cu il may ayının 9-da bu fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.

Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşdirilib, 1949-cu ildə isə tikintisi hələ tamamlanmayan və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni 4 mərtəbəli binaya qismən köçürülmə başlanıb. 1953-cü ildə köçürülmə bütöv şəkildə başa çatdırılıb. Elə həmin ildən bu vaxtadək demək olar ki, kafedrada əsaslı təmir-bərpa işləri aparılmayıb.

Hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən cənab Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması isə həmin kafedranın 100 illik yubileyinə ərməğan edilən ən böyük töhfədir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 Fevral 2019 17:16 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə