Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüş keçirilib

Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüş keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə keçirdiyi görüşdə bu kateqoriyaya aid olanların sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan fərman və sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımlar atılmasına imkan verdiyini bildirib.

S.Babayev bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib. Ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində  həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, deputat Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, “Qarabağ Qaziləri” İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli,  Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, ““Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər.

Görüş sosial müdafiə sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 15:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin