Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ucarda heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Dövlət Baytarlıq Xidməti bildirir ki, Ucar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib.

İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Fevral ayının 10-dan isə Ucar rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8 min başdan artıq iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.  

Həmçinin rayonda bölgü əsasında quşlarda nyukasıl xəstəliyinə qarşı peyvəndləmə aparılması üçün vaksin verilib və tədbirin aparılmasına başlanılıb.

Ucar rayonunda bundan sonra isə ev quşları arasında  və xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qan nümunələrinin alınması nəzərdə tutulub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Fevral 2019 11:55 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə