Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda şücaət göstərən əsgərlərimiz ehtiramla anıldı

Əfqanıstanda şücaət göstərən əsgərlərimiz ehtiramla anıldı

Mingəçevirdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri iştirak ediblər. Veteranlar öncə Şəhidlər xiyabanına gedərək döyüş yoldaşlarının məzarlarını ziyarət edib, onların xatirəsini sükutla yad ediblər. 
Sonra tədbir Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Şəhər ictimaiyyətinin, idarə və müəssisə kollektivlərinin təmsil olunduğu tədbirdə qeyd edilib ki, Əfqanıstan döyüşlərində 7500 azərbaycanlı iştirak edib. Onlardan 208-i müharibədə həlak olub, 7-si itkin düşüb. 
Bildirilib ki, Əfqanıstandan qayıdandan sonra döyüşçülərin bir çoxu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər, onlardan 17-si Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin müdiri Elşən İbrahimli bildirib ki, Əfqanıstan döyüşlərində iştirak edən mingəçevirlilər, həqiqətən, qəhrəmanlıq göstərmiş, onlardan 8 nəfəri dünyasını dəyişmişdir. Bu gün sıramızda olan əfqanlar isə mütəmadi olaraq şəhərimizin təhsil ocaqlarında olur, gənc nəslə vətənpərvərlik tərbiyəsi aşılayırlar.
Tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu tarixi gün münasibətilə Əfqanıstanda döyüşmüş azərbaycanlı hərbçiləri təbrik edərək, dünyasını dəyişən Əfqanıstan müharibəsi iştirakçılarına və Qarabağ döyüşlərinin bütün şəhidlərinə ulu tanrıdan rəhmət diləyib. Əfqan döyüşlərində qəhrəmanlıq göstərən azərbaycanlı gənclərin, həqiqətən də, şücaət və mərdlik göstərdiyi vurğulanıb. Ulu öndər 
Heydər Əliyevin, ölkə ­Prezidenti İlham Əliyevin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı diqqətə çatdırılıb. 
Tədbirdə respublikanın Xalq artisti Ella Yaqubovanın quruluş verdiyi “Onların ömür yolu, igidlik salnaməsi” adlı tamaşa kompozisiyada, dünyasını dəyişən əfqan döyüşçülərin həyat və döyüş yolundan bəhs edilib. Ulu öndər Heydər Əliyevin əfqan döyüşçüləri ilə görüşündən bəhs edən videoçarx nümayiş olunub. Azərbaycanın Dövlət Bayrağı səhnəyə gətirilərkən, səhnəyə toplaşan əfqan döyüşçüləri Dövlət himnini birgə oxuyublar.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Mingəçevir ŞİH başçısı İlham İsmayılova və Ella Yaqubovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Fəxri fərmanını təqdim etdikdən sonra keçdikləri döyüş yollarından, onlara göstərilən dövlət ­qayğısından danışıb.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

18 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə