Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy gündən-günə abadlaşır, gözəlləşir

Gədəbəy gündən-günə abadlaşır, gözəlləşir

Gədəbəy rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, dünya iqtisadi məkanına sürətli inteqrasiya, iqtisadi quruculuq sahəsində davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Aparılan fəal və çevik sosial müdafiə tədbirləri, uğurlu islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda, sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynamışdır. 
Son illər bütün regionlarda vüsət alan abadlıq-quruculuq işləri ötən il Gədəbəydə də uğurla davam etdirilmiş, mühüm infrastruktur layihələri icra olunmuş, sosialyönümlü obyektlər tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət nəzərə çarpmışdır.
Keçən il rayonda ümumi daxili məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 55 milyon 304,4 min manat və ya 11,2 faiz çox olmuşdur. Rayon üzrə sənaye məhsulu istehsalı 156 milyon 716,2 min manat təşkil etmişdir.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2017-ci illə müqayisədə 8 faiz çoxalaraq 441,7 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 3 dəfə artaraq 878,6 manat olmuşdur. 
Son 15 il ərzində Gədəbəy rayonunda 15 min 414 yeni iş yerləri açılmışdır ki, onlardan da 665-i daimi olmaqla 1313 -ü ötən ilin payına düşür..
2018-ci ildə rayonun inkişafı, sosial ­infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gədəbəyin inkişafını təmin edən 17 tədbirin icrası ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Gədəbəy şəhərinin abadlaşdırılması işləri çərçivəsində yol kənarlarına səkilər çəkilmiş, istinad divarları üzlük daşla üzlənmiş, küçələr işıqlandırılmışdır. Həmçinin, bir sıra küçələrdə asfaltlaşdırma işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, istinad divarları üzlənmiş, suötürücü kanallar çəkilmiş, kommunal binalar təmir edilmişdir. Hazırda isə S.Vurğun küçəsinin yenidən qurulması istiqamətində işlər aparılır. Burada yerləşən ticarət obyektləri yeni dizaynda təmir edilmiş, səkilər quraşdırılmış, yüksək gərginlikli elektrik xətləri yer altına keçirilmişdir. Şəhərin Vahid Rüstəmov küçəsində polis əməkdaşları üçün 2 mərtəbəli 10 mənzilli yaşayış binası tikilmişdir.
2018-ci ildə Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörəkbişirmə müəssisəsi fəaliyyətə başlamışdır. Rayonun Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi, Miskinli kəndində isə illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikinitisi davam etdirilir.
Rayonda iş adamlarına və investisya yatırmaq istəyən sahibkarlara bütün zəruri şərait yaradılmış, təkliflərini və onları narahat edən məsələləri dinləmək üçün iş adamları ilə görüş keçirilmişdir. Bu il ərzində davam edəcək və yeni cəlb olunacaq layihələr hesabına Gədəbəyə 5 milyon manatdan çox investisiya yatırılması nəzərdə tutulur. 
Ötən il ərzində əhalinin sosial təminat məsələləri, bu sahədə şəffalığın və ədalətliliyin təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 16 min 37 nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onlardan 8558 nəfəri və ya 53,3 faizi yaşa görə, 6283 nəfəri və ya 39,2 faizi əlilliyə görə, 1196 nəfəri və ya 7,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 
Keçən ildə də əhalinin məşğulluğunun artırılmasına yönəlmiş tədbirlər davam etdirilmişdir. Hesabat dövründə Gədəbəy Rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1218 nəfər müraciət etmişdir. Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. İşlə təmin olunanların 227 nəfəri və ya 43 faizi qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir. 
Hesabat ilində əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi ilə bağlı da mühüm addımlar atılmışdır. 
Gədəbəydə təhsilin inkişafı, bu sahədə maddi-texniki bazanın yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüşdür. Rayonun 83 ümumtəhsil məktəbində 10516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olmuşdur. 2017-2018-ci tədris ilində 11-ci sinfi 731 nəfər bitirmiş, onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş və 228 nəfər tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Hesabat ilində Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində 60 yerlik körpələr evi uşaq bağçası yenidən tikilimiş, 15 yerlik Samanlıq kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur.
Ötən ildə Gədəbəydə ekoloji tədbirlərin keçirilməsi davam etdirilmişdir. Turizm imkanları geniş olan rayonda yaşıllaşdırma və ağacəkmə kampaniyası ənənəvi hal almışdır. İl ərzində rayonun bütün yaşayış məntəqələrində o, cümlədən magistral avtomobil yollarının kənarlarında 10 mindən çox müxtəlif növ ağac əkilmiş və onların qorunması üçün mühafizə zolaqları çəkilmişdir. Eyni zamanda, rayonun bütün yaşayış məntəqələrində uzun illərdən bəri yığılıb qalmış məişət tullantılarının daşınması və zərərsizləşdirlməsi məqsədilə mütəmadi olaraq iməciliklər təşkil edilmiş, Slavyanka, Novosaratovka, Çanaqçı, Xarxar, Nərimankənd və Zəhmətkənd kəndlərində tullantıların mərkəzləşmiş qaydada daşınması və idarə edilməsi üçün avtomobillə xidmət yaradılmışdır. 
2018-ci il ərzində RİH Başçısı Aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu diqqətdə saxlanılmış, hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilmiş, qaldırılan problemlərin böyük əksəriyyəti yerində həll edilmişdir. Hesabat ili ərzində RİH Başçısı tərəfindən yerlərdə 49 səyyari görüş keçirilmiş və bu görüşlərdə 5972 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 196 təklif irəli sürülmüşdür. Ötən il RİH Başçısı Aparatına 1131 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113 ədəd və ya 11,1 faiz çoxdur.
Məruzə ətrafında müzakirələrdə rayon prokuroru Allahverdi Səfərov, mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Pərviz Bayramov və başqaları çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçisi Orxan Mürsəlov yığıncaqda çıxış etmişdir.
Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fərqlənən şəxslərə Fəxri fərmanlar verilmişdir.

 

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

18 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə