Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır

Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır

Fevralın 18-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, spiker qrupun rəhbəri Şamil Ayrımın bu vəzifədə ölkəmizə ilk rəsmi səfərini yüksək dəyərləndirib. Bildirilib ki, qardaş ölkə olaraq dövlət başçılarımız arasında görüşlərin mütəmadi xarakter alması münasibətlərimizi dünya miqyasında tayı-bərabəri olmayan səviyyəyə qaldırıb. Hər iki ölkə rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etmələri artıq ənənəvi xarakter alıb. 
Sədr bir neçə gün əvvəl İstanbulda yaşayış binasının çökməsi ilə mülki şəxslərin həyatını itirməsindən və helikopter qəzasında hərbçilərin şəhid olmasından kədərləndiyini deyib, onların yaxınlarına Milli Məclisin üzvləri adından başsağlığı verib. 
Görüşdə bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də müsbət təsirini göstərməkdədir. TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəmiz 2,6 milyard ABŞ dolları təşkil etmişdisə, ötən il bu rəqəm 3,4 milyardı keçib. Ölkələrimiz arasında bu günə kimi 230-a qədər sənəd imzalanıb, daha 30-dək sənəd üzərində iş aparılır. Biz gələcəkdə iqtisadi sahədə qarşılıqlı yatırımların həcmini artırmaq niyyətindəyik. Azərbaycan Türkiyənin uğurlarına sevinir, qardaş ölkənin nailiyyətləri ilə qürur duyur.
TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün çox yüksək səviyyədədir. Dövlət başçıları arasındakı səmimi münasibət həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. 
Azərbaycan ilə dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkillərindən 360 müraciət daxil olub. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir. Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bununla əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarıyıq. Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanovun və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin