Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalıda məhv olmuş 8 ailə”

“Xocalıda məhv olmuş 8 ailə”

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən hazırlanmış “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi sədrinin müavini Elçin Əhmədov, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova, Aİİ rəhbərliyi, institutun müəllim-tələbə heyəti iştirak edirdi. 
Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş nitqi ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov 27 il öncə Xocalıda günahsız həmvətənlərimizə qarşı törədilmiş soyqırımı aktının bütövlükdə insanlıq əleyhinə olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı sərəncamını və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırdı. Rektor vurğuladı ki, Qarabağ həqiqətləri beynəlxalq aləmə uğurla çatdırılır və artıq bunun nəticəsidir ki, dünyanın bir çoxölkəsinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımışdır. 
Elçin Əhmədov Xocalı soqyqırımının, ümumilikdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyasına toxunaraq, bu işdə hər kəsin fəallığının vacibliyinə toxundu. Səriyyə Cəfərova tədbirdə çıxış edərək “Xocalıda məhv olmuş 8 ailə” filminin məzmunu barədə danışdı. Qeyd etdi ki, filmdə o dəhşətli gecədə məhv edilmiş 8 ailənin faciəli talelərindən söhbət açılır. “Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm alıb qəzetçilik edəndən bu günədək Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli şəhid olmuş günahsız insanlardan, igid oğul və qızlardan yazıram. Gücüm çatdıqca, əlim yetdikcə, bu qətliamı dünyaya yaymaq üçün çalışıram. Bu film də məhz həmin amala xidmət edir”. Birlik sədri informasiya müharibəsində bu cür film və layihələrin vacibliyi və əhəmiyyətinə toxundu. Qeyd etdi ki, filmin gələcəkdə ərəb dilinə tərcümə edilməsi nəzərdə tutulur. 
Çıxışlardan sonra filmə baxış oldu. Daha sonra tədbir Aİİ tələbələrinin təşkil etdiyi bədii hissə ilə yekunlaşdı. 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

18 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin