Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtər: dövlətin hərtərəfli dəstəyi inkişaf dinamikasını gücləndirir

Tərtər: dövlətin hərtərəfli dəstəyi inkişaf dinamikasını gücləndirir

Regional inkişafa dair və digər dövlət proqramlarının, sosial-iqtisadi sahədə illik proqnoz tapşırıqların vaxtında və ardıcıl gerçəkləşdirilməsi, son illərdə təşəbbüskarlığa geniş meydan verilməsi cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da nəzərdə tutulan hərtərəfli yeniləşmə və yüksəlişi təmin etmişdir. 
Nəticədə yaşayış məntəqələrinin siması əsaslı surətdə dəyişmiş, əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Bu baxımdan 2018-ci ilin göstəriciləri əksər sahələrdə əvvəlki illə müqayisədə yüksək olmuşdur. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında geniş iclasda bütün bunlar barədə ətraflı söhbət açıldı, ötən ilin sosial-iqtisadi yekunları təhlil edildi, cari ilin önəmli vəzifələri müəyyənləşdirildi. 
Toplantını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uğurla yola salınmış ötən ilin yüksək göstəricilərinin qazanılmasında Prezident İlham Əliyevin bölgələrin, o cümlədən Tərtərin inkişafına göstərdiyi yüksək diqqət və qayğının önəmli rolunu vurğuladı. Rayon rəhbəri bildirdi ki, Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş illik iclasında dövlət başçısı bu inkişafın davamlı olacağını xüsusi qeyd edərək, ­2019-cu ildə qarşıda duran daha ciddi vəzifələri geniş şərh etmiş, lazımi tapşırıq və tövsiyələrini vermişdir. Proqram səciyyəli bu hədəflərin gerçəkləşdirilməsində tərtərlilərin də üzərinə məsul və təxirəsalınmaz vəzifələr düşdüyünü söyləyən başçı daha sonra keçən ilin sosial-iqtisadi inkişafının yekunları barədə Tərtər RİH-in hesabatını iştirakçıların müzakirəsinə təqdim etdi.
Məruzədə göstərildi ki, rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun yeniləşdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər ötən il də uğurla davam etdirilib. 
2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olub. Bunun 14 milyon 751,3 min manatlığı sənayenin, 64 milyon 396,2 min manatlığı kənd təsərrüfatının payına düşür. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 38 milyon 234,6 min manatlıq investisiya yönəldilib. Bunun 2 milyon 795 min manatlığı sahibkarların payına düşür. İl ərzində 563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb. 
Keçən il Tərtər şəhərində və kəndlərdə geniş abadlıq-quruculuq tədbirləri həyata keçirilib. 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Tərtər şəhərində 20 çoxmənzilli yaşayış binası və həyətləri əsaslı təmir olunub. Bir sıra küçə və məhəllədə, Heydər Əliyev parkında geniş abadlıq-quruculuq işləri görülüb.
Bildirildi ki, Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbinin 5 sinif otağı əsaslı təmir olunub. 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub. 14 kənddə isə yerli yollarda ­təmir-bərpa işləri aparılıb. 
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edən məruzəçi qeyd etdi ki, 2018-ci ilin məhsulu üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib-becərilib. 44 min tondan çox taxıl, 14 min tondan artıq tərəvəz, 5,5 min ton kartof, 30 min tonadək şəkər çuğunduru istehsal edilib. Keçən il 3,3 min hektardan 8,2 min tondan çox pambıq yığılıb, orta məhsuldarlıq 25 sentnerə çatıb. Son 4 ildə pambıq əkini 3,6 dəfə, məhsul 4,1 dəfə, məhsuldarlıq 13,2 faiz artıb. Kümçülər isə 10,3 ton barama istehsal ediblər. 
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki uğurlardan da ətraflı bəhs edildi, mövcud problemlər və onların həlli yollarından və 2019-cu ildə görüləcək zəruri işlərdən də ətraflı söhbət açıldı.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev yığıncaqda çıxış edərək ölkənin və Tərtərin həyatındakı ürəkaçan yeniliklərdən, qarşıda duran önəmli vəzifələrdən danışdılar. 
Sonda 2018-ci ildə fərqlənən bir qrup sahibkara Tərtər RİH-in fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
İştirakçılar adından Prezident ­İlham Əliyevə ünvanlanan müraciətdə rayona göstərilən dövlət qayğısına görə dərin minnətdarlıq, 2019-cu ilin başlıca vəzifələrini əks etdirən qərarda isə tərtərlilərin qurub-yaratmaq əzmi ifadə olundu.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin