Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlı: İl ildən uğurlu gəlir

Yardımlı: İl ildən uğurlu gəlir

Dağların başının tacı olan Yardımlının təbii gözəllikləri könül oxşasa da, sərt coğrafi-iqlim şəraiti var. Burada quruculuq işləri görmək aran yerlərindəkindən ikiqat çətindir. Amma buna baxmayaraq, dövlətin qayğısı, yurd sevgili insanların fədakar səyləri sayəsində dağlar diyarı durmadan abadlaşır. Zirvə ünvanlı kəndlərə, obalara rahat yollar çəkilir, inzibati və sosial binalar tikilir, həyat şəraiti yaxşılaşır. 

Rayonun sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağında nailiyyətlərə ətraflı nəzər salınıb. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda unudulmaz dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşəyə, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib. Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu siyasət xəttindən, rayonda həyata keçirilən infrastruktur layihələrin icrasından bəhs edib. 
İl ərzində Yardımlıda milyonlarca manatlıq ümumi məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 26,5 faiz çoxdur. Sənaye məhsulları 1 milyon, kənd təsərrüfatə məhsulları isə 40 milyon manatlığa yaxın həcmdə olub. 8 hüquqi şəxs və 336 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydə alınıb. Əkin sahələrinə görə kəndlilərə 246 min manatlıqdan artıq subsidiya verilib. Özəl sektorda ümumi istehsal göstəricisi 74 milyondan yüksək olub. Taxıl, kartof, tərəvəz, tütün, heyvandarlıq məhsulları istehsalı artıb. Aztəminatlı ailələrə dəstək layihəsi üzrə 2 hektar üzüm bağı salınaraq camaata verilib. Özünəməşğulluq layihələrinə 60 nəfər cəlb edilib.Rayon üzrə orta əməkhaqqı 316 manata çatıb. Prezidentin qayğısı sayəsində 333 nəfər rayon sakini abadlıq-quruculuq işlərinə cəlb edilib ki, bu da işsizliyin aradan qaldırılmasında mühüm addım sayılır.
Cəlilabad-Yardımlı avtomobil yolunun rayon ərazisinə daxil olan 21 kilometri əsaslı şəkildə tikilərək asfaltlanıb və artıq əhali həmin yoldan istifadə edir. Bundan başqa, Prezident sərəncamı ilə, uzunluğu 22 kilometr olan, 20 min nəfər əhalinin yaşadığı 15 kəndi əhatə edən Sırıq-Vərgədüz-Bilnə-Osnağaran-Bozayran yerli əhəmiyyətli avtomobil yolunun əsaslı inşası davam edir. Körpülər, suötürücü qurğular tikilib və işlər son mərhələyə çatdırılıb. Uzunluğu 35 kilometr olan Separadi-Yolocaq-Bülüdül- Allar yolunun 27 kilometrlik hissəsi xeyli genişləndirilib və çınqıl döşənib. Digər kəndlərarası yolların təmiri üzrə də tədbirlər həyata keçirilir.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, Şıxlar kəndində 80, Bilnə və Avun kəndlərində isə 56 şagird yerlik modul tipli məktəblərin inşası davam etdirilir. Rayonda müasir idman kompleksinin də tikintisi aparılır. Bu vacib obyekt cari ildə istifadəyə veriləcək. Yardımlı şəhərinin Heydər Əliyev küçəsində, parklarda, Xətai və Vüqar Nəciyev küçəsində geniş abadlıq işləri aparılıb. Çoxmənzilli yaşayış binaları yeni, müasir görkəmə salınıb və sakinlərin rahatlığı təmin edilib. Üç şəhid ailəsi üçün fərdi ev tikilib. Təbii-texnogen hadisələrdən ziyan çəkmiş 6 ailə üçün də fərdi evlər inşa olunaraq təhvil verilib. Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə addımlar atılır. Şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi, uyğun avadanlığın quraşdırılması, demək olar, tamamlanıb və 7 min 500 nəfərlik sakin heç bir fasilə olmadan sudan rahat şəkildə istifadə edir. Son beş ildə əhalisinin sayı 6 min 500 nəfər olan 9 yaşayış məntəqəsinin içməli su problem həllini tapıb, amma görüləsi işlər də var. Bu il daha üç kənddə artezian quyuları qazılacaq. 
Yardımlının 13 yaşayış məntəqəsindən 3 minədək abonent təbii qaz alır. Yeni il ərəfəsində Gavran kəndinə “mavi yanacaq” verilib. Bundan sonra mərhələli şəkildə daha 10 kənd qazlaşdırılacaq. Rayonun işıq təchizatı da yaxşılaşır.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək bildiriblər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektoru sürətlə inkişaf edib. Qeyd olunub ki, Dövlət proqramlarının uğurlu icrası nəticəsində respublikamızda tikinti-quruculuq işləri xüsusilə geniş vüsət alıb, ölkə rəhbərinin iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən yeni əkinlər aparılması, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi istehsalın artırılmasına səbəb olub. Çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara edilən dəyişikliklərin şərhi verilib, Yardımlının timsalında ucqarların yüksəliş meylləri təqdir edilib. Natiqlər cari ildə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildiriblər.
Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin