Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaradağ rayonu: sosial-iqtisadi layihələr uğurla reallaşdırılır

Qaradağ rayonu: sosial-iqtisadi layihələr uğurla reallaşdırılır

 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına dair konfransdakı nitqlərindən irəli gələn vəzifələr ətraflı müzakirə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətinin təməl dayaqlarının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik siyasət sayəsində daha da möhkəmləndirildiyini, dinamik inkişafın təmin olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını diqqətə çatdırmışdır.
Qaradağlılar üçün 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti İlham Əliyevin bu rayona səfərləri olmuşdur. Həmin səfərlər Qaradağ rayonunda bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olmuşdur. Dövlət başçısı yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin və yeni istifadəyə verilən Lökbatan-Qobu avtomobil yolunun, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, avqustun 1-də Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində və avqustun 13-də Lökbatan qəsəbəsində Abşeron Logistika Mərkəzinin açılışlarında iştirak etmişdir.
2018-ci il yekunlarından söz açan S. Mikayılov qeyd etmişdir ki, rayonda sənaye sahəsində 1 milyard 793 milyon 70 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 
Bütün maliyyə mənbələrindən əsas kapitala 700 milyon 993 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,1 faiz çox olmuşdur. Bütün maliyyə mənbələri hesabına 287 milyon 342 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir. 
197 milyon 414 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 81 milyon 464 min manat, rabitə müəssisələri tərəfindən isə 1 milyon 879 min manat həcmində xidmət göstərilmişdir.
Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 872 milyon 671 min manatlıq əmtəə satılmışdır ki, bu da əvvəlki ilə nisbətən 2,8 faiz artım deməkdir. 
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 139 milyon 850 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2018-сi il ərzində 843 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.
2018-ci ildə rayonda hüquqi və fiziki şəxslər tərəfindən 2169 yeni iş yeri yaradılmışdır.
Prezident cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış maliyyə vəsaiti hesabına rayonun Qobustan qəsəbəsindəki 17 saylı birləşmiş şəhər xəstəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş və ən yeni texnoloji avadanlıqlarla təchiz edilərək cari ilin 14 yanvar tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.
2017-ci il may ayının 30-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkün ailələri üçün təməli qoyulmuş “Qobu Park” yaşayış kompleksində tikinti işləri qısa müddət ərzində yüksək səviyyədə görülmüş və 2018-ci ilin 24 may tarixində kompleksdə inşa olunan yeni mənzillər, sosial və digər zəruri infrastruktur obyektləri bu kateqoriyadan olan soydaşlarımızın istifadəsinə verilmişdir.
“Qobu Park” yaşayış kompleksində 1800 məcburi köçkün ailəsi üçün əlavə 13 ədəd olmaqla 10 mərtəbəli, Ümid qəsəbəsində isə 300 məcburi köçkün ailəsi üçün 4 ədəd olmaqla 5 mərtəbəli yaşayış binasının, uşaq bağçasının və mərasim evinin tikintisi davam etdirilir.
IDEA İctimai Birliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 37,41 və Hüseyn Məmmədov küçəsi 9 nömrəli ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının qarşısında ümumi sahəsi 2 hektar olan abad məhəllə və rayonun Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 14, 16, 18 və Məhərrəm Seyidov küçəsi 13, 16 nömrəli çoxmənzilli yaşayış binalarının qarşısında ümumi sahəsi 2,5 hektar olan abad məhəllə və ümumi sahəsi 560 kvadratmetr olan 350 nəfərlik mərasim evi sakinlərin istifadəsinə verilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev və Milli Məclisin deputatı Aydın Hüseynov iştirak etmişlər.

Afət Sadıqoğlu,
 “Xalq qəzeti”

18 2019 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin