Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Suriyada təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir

Hulusi Akar: Suriyada təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib ki, Suriyada təhlükəsizlik zonasına nəzarəti Türkiyə həyata keçirməlidir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.  
Türkiyəli nazir ABŞ hərbçilərinin Suriyadan çıxarılması məsələsinə də münasibət bildirib. Onun fikrincə, amerikalı hərbçilərin bölgəni tərk etməsindən sonra ərazi terrorçuların əlinə keçməməlidir. 
Xatırladaq ki, ABŞ-la Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən, 440 kilometrlik Suriya-Türkiyə sərhədi boyu təhlükəsizlik zonası yaradılmalıdır. Lakin bu ərazini PKK terror təşkilatının Suriyada törəməsi olan YPG yaraqlıları ələ keçirməyə cəhd edirlər. 
H.Akar vurğulayıb ki, PKK ilə YPG və PYD terror təşkilatları arasında heç bir fərq yoxdur. Buna görə də onların suriyalı kürdlərin adından çıxış etmək hüququ yoxdur. Suriyanın şimalından terrorçular mütləq çıxarılmalıdır. Bu məsələ Türkiyə dövləti və xalqı üçün prinsipial əhəmiyyət kəsb edir. 
Nazir xatırladıb ki, terrora qarşı beynəlxalq koalisiyaya üzv ölkələrin hərbi təyyarələri dəfələrlə Türkiyədəki hərbi bazadan İŞİD-in obyektlərinə hava zərbələri endiriblər. Bu, bir daha sübut edir ki, Türkiyə İŞİD terror təşkilatına qarşı mübarizəyə ciddi töhfələr verib. 
Sonda bildirək ki, Türkiyə ordusunun son iki il ərzində Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” şərti adı altında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 3 mindən çox İŞİD yaraqlısı məhv edilib. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

18 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin