Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tələbələri nə qədər təqüd ala bilərlər?

Azərbaycan tələbələri nə qədər təqüd ala bilərlər?

Bu sualı cavablandıran təhsil üzrə ekspert  Kamran Əsədov media üçün açıqlamasında bildirib:

-Bu gün milli təhsilimizdə standart, Prezident təqaüdü, xüsusi təqaüd, və adlı təqaüdlər sistemi mövcuddur.

Standart təqaüd, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri:

-91-100 bal olan tələbələrə– 130 manat; 71 -100 bal olan tələbələrə– 110 manat; 51-100 bal olan tələbələrə - 75 manat.

Prezident təqaüdü: 210 manat. 

Xüsusi təqaüd: SABAH təqaüdü– 50 manat; “Gələcəyin müəllimi” təqaüdü– 100 manat; kənd təsərrüfatı tələbə təqaüdü– 100--200 manat; AZERCELL tələbə təqaüdü– 200 manat; SOCAR tələbə təqaüdü– 100 manat.

Bəzi universitetlərin daxili təqaüd proqramları: universitetə qəbul olma balına uyğun  və tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd verilir.

Adlı təqaüdlər: Məsələn, Bakı Dövlət Universitetində 22 ziyalının adına təqaüd verilir-- Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynalabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov adına təqaüdlər; “Azərbaycan” Universitetinin “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüdü”-- 500 manat; “Odlar yurdu” Universitetində 9 adlı təqaüd verilir-- Heydər Əliyev adına, Zərifə Əliyeva adına, Mir Cəlal Paşayev adına , Əhməd Seyidov adına, Səməd Vurğun adına, Fəraməz Maqsudov adına, Lütfi Zadə adına, Əhməd Mahmudov adına, Vahid Qəhrəmanov adına təqaüdlər.

Bakalavriat səviyyəsi üzrə dövlət sifarişi ilə hər hansı bir ali məktəbə qəbul olmuş tələbə sentyabrdan yanvara qədər 75 manat təqaüd alacaq. Həmən şəxs qış imtahan sessiyasından əlaçı çıxsa, 130 manat təqaüd alacaq. Əgər o müəllimlik ixtisasına qəbul olubsa, əlavə 100 manat, SABAH qruplarında təhsilini davam etdirsə, əlavə 50 manat təqaüd alacaq ki, bu da 280 manat təqaüd deməkdir.

Bunlarla yanaşı, tələbə AZERCELL və SOCAR-ın təqaüd proqramlarını qazansa, əlavə 300 manat təqaüd ala bilər. Əgər o tələbə Prezident təqaüdü alırsa, 210 manat da təqaüd bu məbləğlərə əlavə olunur. Abituriyent kənd təsərrüfatı ixtisasları üzrə ali məktəbə dövlət sifarişli ixtisas üzrə qəbul olunubsa, əlaçı olsa - 130 manat, 400 - 499 bal toplayıbsa-- əlavə 100 manat, 500-dən çox bal toplayıbsa - əlavə 200 manat, SABAH qruplarında oxuyursa, əlavə 50 manat təqaüd ala bilər. Kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan hər bir tələbənin azı 380 manat təqaüd almaq imkanı var. Əlbəttə ki, bura AZERCELL və SOCAR-ın təqaüdlərini, universitetlərin daxili təqaüdlərini də əlavə etmək olar.

Beləliklə, yaxşı oxuyan və fəal tələbə ölkəmizdə, azı, 300 manat təqaüd ala bilər. Hazırda ali təhsil müəssisələrimizin bakalavr pilləsində təhsil alanlar arasında 500-600 manat təqaüd alan xeyli sayda tələbə var. 

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

18 2019 17:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin