Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Cəfər Cabbarlının 120 illik yubileyinə hazırlıq tədbirləri

AMEA-nın Cəfər Cabbarlının 120 illik yubileyinə hazırlıq tədbirləri

Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı-dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə hazırlıq tədbirləri barədə açıqlamasında demişdir:

–Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, Milli Elmlər Akademiyasında bir sıra tədbirlərin keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır. Bu münasibətlə Akademiyanın Humanitar və ictimai elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının Ev Muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcək. Konfransda elmi məruzələrdən başqa, Cəfər Cabbarlıya həsr edilmiş film səsləndiriləcək, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək.

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində də elmi konfrans, sessiya və  sərgilər təşkil olunacaq. Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının 2 mindən çox sənədi əhatə edən şəxsi arxivi rəqəmsallaşdırılır.

Bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək məlum olmayan “Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək. Yeri gəlmişkən deyək ki, bu əsərləri filologiya elmləri doktoru, professor Asif  Rüstəmli aşkar etmişdir.

Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

18 2019 17:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin