Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Tovuzda "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib

Q.Paşayeva Tovuzda

Tovuz rayonuna səfəri çərçivəsində kənd məktəblilərilə görüşən Milli Məclisin deputatı Qənirə Paşayeva keçirdiyi “Tariximizi öyrənək və təbliğ edək” adlı tədbirdə onlara Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edib. Q.Paşayeva onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Deputat məktəbliləri özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. "Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz",-- deyən Q.Paşayeva ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlərini söyləyib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyərək, bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı, Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. O, bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da gənclərin suallarını geniş cavablandırıb.

Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan Q.Paşayeva “biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq”,-- deyib. O, hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib. Uşaqların yay tətilindən faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Tədbirdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı çıxış edərək uşaqlara daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyiblər. Təhsildə fərqlənən şagirdlərə millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri A.Bağırova tərəfindən kitablar və hədiyyələr təqdim olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:41 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə