Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Muzey Mərkəzində Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxmışlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə mütəmadi olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirildiyini, onların yaradıcılıq gecələrinin təşkil olunduğunu demişdir. Bu tədbirlərin gerçəkləşməsinə Mədəniyyət Nazirliyi tərəfindən daim dəstək göstərdiyini vurğulamışdır.

Vaqif Əliyev yubilyar rəssamın həyat və yaradıcılığından danışmış, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Rafiz İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür” və “Təhminə” kimi filmlər üzərində işləyib. Rəssam eyni zamanda “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinə bədii tərtibat verib.

Bir sıra kitablara illüstrasiyalar çəkən sənətkar atalar sözləri, “Kitabi-Dədə Qorqud” dastanının motivləri və xalq mahnılarımıza həsr olunan xeyli sayda rəsm əsərləri yaradıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olub.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov və başqaları sənətkarın yaradıcılığından, insanı keyfiyyətlərindən söz açmışdılar, ona  cansağlığı və yaradıcılıq uğurları arzulamışlar.

Sonda rəssam çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürürünü bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 11:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə