Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rodriqo Labardini: Azərbaycan və Meksika 2019-cu ildə əməkdaşlığı inkişaf etdirəcək

Rodriqo Labardini: Azərbaycan və Meksika 2019-cu ildə əməkdaşlığı inkişaf etdirəcək

“Birləşmiş Meksika Ştatları ilə Azərbaycan arasındakı 12 min kilometrdən artıq məsafə ikitərəfli əməkdaşlığa mane olmur, əksinə müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır”. Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın Eurasia Diary saytına verdiyi müsahibəsində bildirib.


Səfir qeyd edib ki, Meksika Azərbaycanla əməkdaşlığın çox vacib olduğunu düşünür: – Azərbaycan Qafqazda ən böyük ölkədir, bölgənin ÜDM-nin 75 faizi, əhalinin isə 60 faizi Azərbaycanın payına düşür. Azərbaycan yalnız Şərq və Qərb arasında körpü deyil, həmçinin, Xəzər dənizi və Mərkəzi Asiya regionuna açılan qapıdır.
Meksikanın Azərbaycanda səfirliyi 2014-cü ildə açılmış və 2015-ci ildən etibarən ikitərəfli münasibətlər güclənmişdir. Ölkələrimiz arasında ticarət 8 dəfə artaraq 2018-ci ildə 25 milyon ABŞ dollarına çatıb. Turizm sənayesi 4 dəfə artıb. 2017-ci ildə Meksika və Azərbaycan arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması şübhəsiz ki, bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açdı.
Müsahibənin redaksiyamıza göndərilmiş mətnində daha sonra deyilir: 
Rodriqo Labardini Meksika və Azərbaycanın insanları, mədəniyyəti və hətta yeməklərində oxşarlıqların olduğunu vurğulayıb: 
– 2015-ci ildə Azərbaycana gəldiyim zaman yeni bir ölkə, xüsusilə də yeni insanlarla qarşılaşdım. Azərbaycan mənə hamımızın bir-birinə bənzədiyini, hamımızın insan olduğunu və adları fərqli olsa belə, eyni şeyləri yediyimizi göstərmiş oldu. Məsələn, sizdə tərxun, bizdə isə estraqon (tərxun) var.  Eyni şeyi ədəbiyyat haqqında da demək olar. 

Sizdə “Leyli və Məcnun”, “Əli və Nino”, Meksikada isə “Varlılar da ağlayır” və “Sadəcə Mariya” var. Beləliklə, bir-birimiz haqqında eşitmişik, ancaq indi əsas məsələ bir-birimizi öyrənməkdir.
Labardini keçən iyirmi ildə Meksikanın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirdi:
– Meksika dünyanın 3-cü ən böyük mobil telefon istehsalçısı və 7-ci ən böyük avtomobil istehsalçısıdır. Dünyanın 19 məşhur avtomobil markası Meksikada istehsal edilir. Meksika, eyni zamanda, plazma televizorların ən böyük istehsalçısıdır. Dünyada istehsal olunan 3 avokadodan 1-i Meksikanın payına düşür. ABŞ bazarında iki pomidorun biri Meksikanındır. Bundan başqa, Meksikanın  45 ölkə ilə sərbəst ticarət razılaşmaları var. Mexiko hava limanı ildə 50 milyon sərnişin qəbul edir. Meksika hazırda 120 milyon sərnişini qəbul edə biləcək hava limanının tikintisi üzərində işləyir.
Meksikanın 119 dəniz limanına malik 11 min kilometrlik sahil xətti var. Meksika körfəzindəki Verakruz limanı vasitəsilə ildə 20 milyon ton  konteyner daşınır. Onun 99 milyon tona qədər artırılması nəzərdə tutulur.
Labardini 2019-cu ildə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi üçün böyük potensial olduğunu söylədi:
– Meksikanı Azərbaycanda daha yaxşı tanıtmaq çox vacibdir. Biz Meksikadan meyvə, şirniyyat, tekila, pivə və s. kimi məhsullar gətirmək niyyətindəyik. Aprel ayının sonunda biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək məqsədilə Meksikadan tekila istehsalçılarının ticarət missiyasını bura gətirməyə çalışacağıq. Alıcıların müxtəlif Meksika sousları, çili, çili qatılmış şirniyyat, şokolad, tekila, pivə və s. tapa bilməsi üçün bəzi supermarketlərdə Meksika guşəsi yaratmağı planlaşdırırıq.
Səfir 2019-cu il üçün prioritet istiqamətlər kimi, turizm və təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd etdi: 
– Biz Meksikanın Neft İnstitutunun may və ya iyun ayında Bakıda keçiriləcək Neft və Qaz Konfransında iştirakını təşkil edəcəyik. Burada Enerji Nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin də iştirak etməsi gözlənilir. Eyni zamanda, biz tələbə və müəllimlər üçün təqaüd və mübadilə proqramlarını inkişaf etdirmək, eləcə də tədqiqat layihələrinə qoşulmaq məqsədilə təhsil müəssisələri arasında əlaqələr yaratmağa çalışırıq.
Meksika dəfələrlə beynəlxalq hüquqa, xüsusilə də ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını bildirib. 2011-ci ildə Meksika Senatı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını qınayan və Xocalı soyqırımını tanıyan sənədlər qəbul edib.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir bildirdi ki, münaqişənin özü bütün regionun inkişafı üçün maneədir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həll olunmalıdır: “Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, söhbət işğal olunmuş ərazilərdən gedirsə, bu, həmin ərazilərin işğalçılara aid olmadığını göstərir”.

 

Hazırladı:
R.TAHİR
“Xalq qəzeti”

 

17 2019 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə