Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

Son illərdə dünya bazarında neftin qiymətlərində mütəmadi dəyişmələrə baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu, təsadüfi deyil. Çünki SOCAR  artıq müasir qlobal enerji şirkətinə çevrilib və  son 10 il ərzində əməliyyat səmərəliliyinin artırılması istiqamətində bir çox zəruri ­islahatlar həyata keçirib.

Hazırda Azərbaycanın qlobal brendi SOCAR gəlirlərinin böyük hissəsini xarici ölkələrdə reallaşdırdığı əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı naminə təkrar investisiyaya yönəldir, təbii ki, dövlət büdcəsinə ödənişləri  də ilbəil artırır. Ötən il SOCAR-ın əsas səmərəlilik göstəriciləri üzrə artım davam edib. Hesabat dövründə şirkət tərəfindən, əməliyyat qurumları və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6 faiz çoxdur. 
Sözügedən müddətdə SOCAR üzrə hasilat 7,54 milyon ton neft, 6,53 milyard kubmetr qaz  təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6 faiz və 7,2 faiz nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6 faiz artıb. Ötən il  SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda, Azərbaycandan 1,8 milyon ton emal olunan neft və neft-kimya məhsulu ixrac edilib.    
SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı  Azərbaycanın daxili tələbatının təminatı məqsədilə istifadə edib. Beləliklə, SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89 faizə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək,  ehtiyac tam ödənilib, qalan 2 milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub, 1,42 milyard kubmetr təbii qaz  isə birbaşa adı çəkilən şirkət tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.   
Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11 faiz  çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına, ümumilikdə, 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz  ixrac olunub.    SOCAR 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2 faiz artıb.
“Əsrin müqaviləsi” istiqamətində əldə edilən göstəricilər də ürəkaçandır. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və böyük səyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”  Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsinə müsbət  təsir göstərib. Məhz bu müqavilə ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarının dünya bazarlarına daşınması üçün əlverişli imkan əldə edib.

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü il sentyabrın 20-dən indiyədək neft və qaz hasilatında yüksək göstəricilər əldə edilib. Bununla bağlı bəzi rəqəmlərə diqqət yetirək. Əvvəlcə qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında hazırda 6 hasilat və 2 texnoloji platforma fəaliyyət göstərir. Kompleksdən neftin və səmt qazının çıxarılması davam edir. Keçən ilin 9 ayında “Çıraq”dan gündə orta hesabla 47 min barel, “Mərkəzi Azəri”dən 156 min barel, “Qərbi Azəri”dən 126 min barel, “Şərqi Azəri”dən 97 min barel, “Dərinsulu Günəşli”dən 105 min barel və “Qərbi Çıraq”dan 57 min barel neft hasil olunub. İndi AÇG-də ümumilikdə 112 neft hasilatı, 53 qaz və su injektor quyusu var.
AÇG böyük potensiala malik olan yataqlardır. Bu, 2017-ci ilin sentyabrında Azərbaycana tərəfdaş şirkətlərlə AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişini (HPBS) imzalamağa imkan verdi. Bu saziş “Yeni əsrin müqaviləsi” adlandırıldı. Həmin vaxta qədər buradan 440 milyon tona yaxın neft hasil edilmişdi. Yataqların işlənməsinə 33 milyard dollar investisiya qoyulmuşdu. Azərbaycana təmənnasız olaraq 30 milyard kubmetrdən çox səmt qazı təhvil verilmişdi.
Yeni müqaviləyə əsasən isə AÇG-nin işlənməsi müddəti əsrin ortasınadək artırılıb. Beləliklə, 2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq investisiya qoyulması nəzərdə tutulub. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.
ARDNF-nin məlumatına görə, AÇG yataqlarından əldə olunan ümumi gəlir 2001-ci ildən 2019-cu il yanvarın 1-dək 138 milyard 206 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”,  respublikamızdan  başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri,  Türkiyə ərazisindən keçən TANAP və  Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin həyata keçirilməsinə başlanılıb.   
Ötən il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.
Dövlətimizin başçısı, həmçinin bildirdi ki, TANAP birgə həyata keçirilən birinci layihə deyil. Bundan əvvəl -- 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı qeyd edilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı reallaşıb. Keçən il isə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Bütün bunlar isə onu göstərir ki, iki qardaş ölkənin birgə təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və Azərbaycan-Türkiyə  qardaşlığı dayanır.
TANAP-la Türkiyəyə bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. 
Yeri gəlmişkən, ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi  keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Artıq TAP-ın TANAP-la birləşməsi reallaşıb. Bu, Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində mühüm irəliləyiş hesab edilir və  2020-ci ildə təbii qazın Avropaya çatdırılacağına əminlik yaradır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

17 2019 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə