Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mingəçevirdə

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mingəçevirdə

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevirdə olmuşdur. Qrupa UNİCEF-in Gənclər və Yeniyetmələr Proqramının rəhbəri Aida Ailarova, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerves, Niderland Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşı Rebel Rijper daxil idilər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonaqları qəbul etmişdir. 
Görüşdə İlham İsmayılov qonaqları salamlamış və qeyd etmişdir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Mingəçevirdə həyata keçirdiyi layihələr gənclərimizin hərtərəfli formalaşmasında əməli kömək göstərir. Mingəçevir Gənclər evində tətbiq edilən layihələrə gənclərimizin marağı böyükdür. Belə layihələrin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun olardı. 
Sonra ­UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi qarşılandıqları üçün minnətdarlığını bildirərək qeyd etmişdir ki, üçüncü dəfədir ki, Mingəçevirə gəlir və şəhər onda xoş təəssürat yaradır. Gəlişinin məqsədini açıqlayan E.Karvardin diqqətə çatdırmışdır ki, 2015-ci ildən 2017-ci ilədək ­UNİCEF-in dəstəyi ilə Gənclər Evində “Gənclər üçün təhsil mərkəzi” İctimai Birliyinin Mingəeçvir regional ofisi tərəfindən “Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” hüquqi xidmət mərkəzi adlı layihə həyata keçirilib. Bu layihə uğurla başa çatdıqdan sonra biz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Əsas həyat bacarıqları” adlı layihəyə 2018-ci ilin əvvəlindən start vermişik. Hazırda bu layihə uğurla davam edir. Fərəhli haldır ki, gənclər bu sahəyə böyük maraq göstərirlər. Məqsədimiz bu istiqamətdə işləri davam etdirməkdir. 
Görüşdə iştiak edən Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerves bildirmişdir ki, Mingəçevirdə ilk dəfə olmasına baxmayaraq şəhərdə özünü rahat hiss edir. Buranın gözəlliyi onun xoşuna gəlir. Azərbaycan Respublikası ilə Niderland Krallığının qarşılıqlı əlaqələrinə toxunan səfir nəzərə çatdırmışdır ki, bu əlaqələr əsasən 3 istiqamətdə inkişaf etdirilir. 
Səmimi söhbət zamanı qaldırılan bir sıra məsələlələrə münasibətini bildirən ŞİH başçısı ­İlham İsmayılov Mingəçevir Gənclər Evi ilə daha mütərəqqi layihələrin həyata keçirilməsi istiqamətində bir sıra təkliflərini bildirmişdir. Bu təkliflərin bir qismi şəhərdə məskunlaşmış məcburi köçkünlərə və imkansız gənclərə aiddir. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

17 2019 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin