Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik

Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik

2019-cu il fevralın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifovun bir qədər əvvəl baş vermiş və geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar olaraq Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşü olub. 
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, münaqişənin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün  təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb. General-leytenant Oleq Baranov bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada “Neolit” kafesinə hücum faktı üzrə yaxın saatlarda ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək. 
Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Oleq Baranov Polad Bülbüloğlunu əmin edib ki, vəziyyət tam nəzarətə götürülüb və bütün zəruri tədbirlər görüləcək. 
Görüşdə bildirilib ki, internetdə 4-6 nəfərin həlak olması barədə informasiya yayılır. Bu informasiya həqiqətə uyğun deyil.  Sosial şəbəkələrdə yayılan və yalnız bir məqsəd - düşmənçilik və ədavət mühitinin yaradılması məqsədini güdən belə provokasiyaların təsiri altına düşməmək xahişi təkidlə səslənib.      
Dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyanat verib. O bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan  dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz.  
Səfir Polad Bülbüloğlu bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla dünən və bu gün bir sıra görüşlər keçirib. Bununla əlaqədar olaraq səfirlik jurnalistlərə, habelə bu məsələdə düzgün mövqe tutmuş bütün şəxslərə təşəkkür edir.   
Səfirliyin məlumatında deyilir: “Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik. Səfirlik  bu problemlə bilavasitə məşğul olur və ictimaiyyəti hadisələrin sonrakı gedişatı barədə məlumatlandıracaq”.

 

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

 

17 2019 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin