Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident – Xalq münasibətlərinin əyani sübutu

Prezident – Xalq münasibətlərinin əyani sübutu

“Son 15 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini yüksəltməklə yanaşı, “Prezident – Xalq” münasibətlərinin sıx vəhdətində də özünü büruzə verir. Xalq dövlət başçısına inanır, güvənir və onun ətrafında sıx birləşib. Dövlət başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir.
Prezidentin Beyləqan rayonuna səfəri zamanı bunun bir daha şahidi olduq. Bu səfər pozitiv məqamlarla yadda qaldı. Mən həmin ərazinin deputatı kimi, bu səfəri çox böyük həyəcanla izləyirdim. Görüşdəki əhval-ruhiyyə, Beyləqan sakinlərinin sevinci, Prezident İlham Əliyevin vəziyyətdən razı qalması məni olduqca qürurlandırdı. Ölkə başçısının, hətta sakinlərlə birlikdə vətənpərvərlik mahnısı oxuması Xalq – Prezident münasibətlərinin yüksək səviyyədə olmasının əyani sübutudur”.
Bu fikirləri Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərinə münasibət bildirən 80 saylı İmişli – Beyləqan seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dedi.
Deputat bildirdi ki, ölkə başçısının ictimaiyyət arasına çıxaraq onlarla ünsiyyətdə olması, problemlərlə maraqlanması, səsləndirilən təkliflərin əksəriyyətinin yerindəcə həll olunması barədə göstəriş verməsi, sakinlərin də onu xoş qarşılayaraq, razılıqlarını bildirməsi əhalinin dövlətimizin başçısına olan inam və etibarının göstəricisidir: “Görüşdəki əhval-ruhiyyə, Beyləqan sakinlərinin sevinci və Prezident İlham Əliyevin sakinlərin problemlərinə, müraciətlərinə çox həssaslıqla yanaşması insanların gələcəyə olan inamından xəbər verir. Prezident İlham Əliyevin insanlara həmişə diqqət və qayğı göstərməsini müxtəlif görüşlərdə də müşahidə etmişik. Dövlət başçısının təbii fəlakətlər zamanı hadisə bölgələrinə getməsi, təhlükə ilə üzləşən insanlara qayğı göstərməsi, ilk növbədə, sakinlərin qarşılaşdıqları problemlərin dərhal aradan qaldırılması barədə göstəriş verməsi əhali tərəfindən böyük razılıqla qarşılanır. 
Bir neçə il bundan əvvəl baş vermiş su daşqını zamanı zərər çəkmiş əhali ilə görüşməsini, 2016-cı ildə ermənilərin mülki əhalini atəşə tutması nəticəsində hadisə yerində olmasını, bu yaxınlarda Şamaxıda baş vermiş zəlzələ nəticəsində evləri dağılmış sakinlərə yeni evlərin tikilməsi barədə göstəriş verməsini xatırlatmaq istərdim. Bu məsələlərin həllinə milyonlarla manat vəsait ayrılıb. Heç bir ölkədə təbii fəlakət nəticəsində evləri dağılmış insanlara pulsuz mənzil tikilmir”.
Beyləqanda evi dağılan qadına mənzil verilməsi, 36 mənzilli yaşayış binasının inşası, həmçinin Beyləqanın ən böyük kəndlərindən biri olan Dünyamalılarda məktəbin tikilməsi üçün vəsaitin ayrılması Prezidentin xalqın problemlərinə diqqət və qayğı ilə, həssaslıqla yanaşmasının göstəricisidir. Ölkə başçısı bölgələrə səfərləri zamanı həmişə insanları dinləyib, problemlərini həll edib.
Deputat vurğuladı ki, dövlət başçısının Beyləqana səfəri zamanı diqqətçəkən məqamlardan biri də “N” saylı hərbi hissədə görülmüş işlərlə tanış olması və hərbçilərlə birlikdə nahar etməsidir. Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanın hərbçilərlə bir yerdə oturub nahar etməsi onların əhval-ruhiyyəsini daha da artırır, döyüş qabiliyyətini yüksəldir.
Ç.Qənizadə bu işlərin görülməsinə baxmayaraq, xalqı, dövləti, hakimiyyəti istəməyən qüvvələrin nəsə axtarmağa çalışdıqlarına da ciddi münasibət bildirdi: “Kimin nə deməsindən asılı olmayaraq, Prezident İlham Əliyevə xalqın böyük dəstəyi var, xalqla dövlət başçısı arasında qarşılıqlı etimad mövcuddur. Bu, dövlətin sabitliyi, əmin-amanlığın yüksək səviyyəsinin göstəricisi və işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətinə inamın olması deməkdir”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

17 2019 00:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə